-
«3Dost» animasiya studiyası «Cırtdan və sehrli xalat» adlı yeni 3D animasiya filmi çəkir.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin studiyaya istinadla yaydığı xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan filmin ideya müəllifi Müşfiq Hətəmovdur.
Filmin, süjet xətti Yusif Şeyxova məxsusdur.
Ssenari müəllifləri Yusif Şeyxov və Kənan Yusifov, rejissorları isə Rəşad Əfəndiyev və Yusif Qabilovdur.
Animasiya filmində əsas mövzu müasir dövrdə yaşayan yeniyetmə Cırtdanın özünün də gözləmədiyi halda keçmişə düşməsi və çox təhlükəli macəralara qoşulmasıdır.
Onunla bu macəralarda ən yaxın dostu tutuquşu Qaqqili də iştirak edir.
Filmdə 8 personaj var.
Elementlər və detallar üzərində işlər çox dəqiqliklə aparılır.
Yaradıcı heyət hər bir detalda, obrazda milliliyin hiss olunmasını qarşısına məqsəd qoyub.
Filmin preprodakşn (ön hazırlıq) mərhələsi artıq bitib.
Hazırda istehsal mərhələsinə başlanıb.
Xronometrajı 14 dəqiqə olacaq filmin bir ilə hazır olması planlaşdırılır.
Azərbaycanda 3D formatında ilk animasiya filmini məhz «3Dost» animasiya studiyası çəkib. 2012-ci ildə ərsəyə gələn film «Cırtdan və Təpəgöz» adlanır.
Bu layihəni davam etdirmək və serial animasiya filmi çəkmək nəzərdə tutulub.