«Yerevanın arqumentləri tükənib»

Azərbaycan "Kosovo modeli"nin Qarabağa tətbiqini düzgün saymır

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasındakı çıxışında deyib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə tərəflərin razılaşmadığı iki məqam var - Dağlıq Qarabağın statusu və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması. Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyansa çıxışında «Kosovo modeli»ni Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dəstəklədiklərini bildirib.


Ekspertlər və əksər sadə vətəndaşlar arasında belə fikirlər var ki, Bakının bu münaqişəni BMT-nin müzakirəsinə çıxarması uğurlar sırasına yazıla bilməz. Bunun olsa-olsa təbliğat baxımından üstün cəhəti var ki, belə bir münaqişənin mövcudluğu bir daha dünya ictimaiyyətinin yadına salındı.



«Vardan Oskanyanın «Kosovo modeli»ni xatırlatması o deməkdir ki, Dağlıq Qarabağ da Kosova kimi müstəqil olacaq. Nə olsun? Elmar Məmmədyarov da Azərbaycanın ərazi bütövlüyündən danışıb. Ortada təzə heç nə yoxdur»
Uzun müddət bu münaqişənin nizamlanması üzrə danışıqlarda Azərbaycanı təmsil etmiş, keçmiş dövlət müşaviri Vəfa Quluzadə bu fikirlərə onu da əlavə edir ki, BMT Baş Assambleyasında «dondurulmuş münaqişələr»lə bağlı Gürcüstan prezidenti Mixail Saakaşvilinin çıxışı daha yaddaqalan oldu. O, düşünür ki, cənab Saakaşvili daha konkret danışır və hədəfləri göstərirdi. Azərbaycan prezidenti İlham Əliyevin bu tədbirə qatılmaması isə Bakının həmin müzakirələrə xüsusi hazırlaşmadığını göstərdi: «Əsas məsələ Rusiyadır. Mixail Saakaşvili Rusiyanı ittiham etdi və bildirdi ki, Gürcüstandakı «dondurulmuş münaqişələr» Moskva tərəfindən yaradılıb. Bunu Azərbaycan da deməlidir».

Bu da var ki, Azərbaycan rəsmiləri hələ əvvəldən Dağlıq Qarabağ münaqişəsinin BMT Baş Assambleyasında müzakirəsinə nail olmağın özünün qələbə olduğunu deyirdilər. «Dondurulmuş münaqişələr»lə bağlı məsələnin qurumun gündəliyinə salınmasına etiraz edən Rusiya rəsmilərinə o qədər də diqqət ayırmırdılar. Politoloq Rasim Musabəyova görə, əvvəlcədən uğurdan danışmaq ya sadəlövhlük idi, ya da bu çıxışlar daxili təbliğata hesablanmışdı: «Bu məsələni gündəliyə salmaq münaqişənin Azərbaycanın istədiyi şəkildə müzakirəsinə və ya arzu olunan qətnamənin qəbuluna nail olmaq demək deyil. Onun üçün də qətnamənin qəbulunu gözləmək lazımdır».


İndiyədək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif modellərin tətbiqindən danışılıb. Xüsusən də Ermənistan bu məsələdə daha fəal görünüb. Amma Azərbaycan rəsmiləri tez-tez Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyanın dilindən səslənən «Kosovo modeli» haqda fikirləri də ciddi qəbul etmirlər.


Bu məsələyə yanaşmada sabiq dövlət müşaviri Vəfa Quluzadə də Azərbaycanın rəsmi mövqeyini bölüşür: «Vardan Oskanyanın «Kosovo modeli»ni xatırlatması o deməkdir ki, Dağlıq Qarabağ da Kosova kimi müstəqil olacaq. Nə olsun? Elmar Məmmədyarov da Azərbaycanın ərazi bütövlüyündən danışıb. Ortada təzə heç nə yoxdur».


Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə isə deyir ki, əvvəla, bir neçə xalqın və ölkənin birləşdiyi Yuqoslaviya federativ dövlət olub, elə hazırkı Serbiya və Çernoqoriya da federativ dövlətdir. Azərbaycan isə unitar dövlətdir və bu baxımdan Qarabağın Kosovayla müqayisəsi uğursuzdur. Cənab Tağızadə Yerevanın bu gedişini arqumentləri olmayan tərəfin son addımı kimi qiymətləndirir.