Eynulla Fətullayev 2 il müddətinə şərti azadlıqdan məhrum edildi

«Realnıy Azerbaydjan» qəzetinin təsisçi və baş redaktoru Eynulla Fətullyev

Sentyabrın 26-da Yasamal Rayon Məhkəməsində hakim Məlahət Abdulmanafovanın sədrliyi ilə keçən prosesdə «Realnıy Azerbaydjan» qəzetinin təsisçi və baş redaktoru Eynulla Fətullyevin 2 il müddətinə şərti azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.


Sentyabrın 1-də isə eyni iddia üzrə qəzetin təkzib verməsi, Daxili İşlər naziri Ramil Usubovdan üzr istəməsi və mənəvi ziyana görə, 15 min manat cərimələnməsi barədə qərar çıxarılmışdı.


Eynulla Fətullayevin vəkili İsaxan Aşurov deyir ki, bu hökmdən və qərardan apellyasiya şikayəti veriləcək. Vəkil perspektivdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyi də planlaşdırdıqlarını bildirir.


Daxili İşlər naziri Ramil Usubovun iddiası ilə xüsusi ittiham qaydasında cənab Fətullayevə qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə (təhqir və böhtan) icraat başlanmışdı. İddiaya sözügedən qəzetin bu ilin iyul sayında «Antibiotikin iflası» və «Antibiotikin qisası» məqalələrinin çapı səbəb olub. Həmin məqalələrdə Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarışı İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun adam oğurluqları və qətllərdən əldə etdiyi pulların bir hissəsinin Ramil Usubova çatdığı iddia edilirdi.