Frans Press: İslamçı yaraqlılar Foley-nin ailəsindən 132 milyon dollar istəyirdi

Frans Press amerikalı jurnalist James Foley-nin azad olunması cəhdlərində bilavasitə iştirak etmiş şəxsə istinadla xəbər verir ki, İraq İslam Dövləti yaraqlılarının Foley-nin ailəsinə göndərdiyi məktubda onu azad etməyə fantastik 100 milyon dollar istəyiblər.

Eyni mənbə bildirir ki, avqustun 13-də Foley-nin ailəsi ikinci məktubu alıb. Orda yaraqlılar bildirirdi ki, ABŞ-ın hava zərbələrinə cavab olaraq Foley edam olunacaq.

Foley-in işlədiyi GlobalPost isə bildirib ki, əslində daha çox pul istənilib. GlobalPost xəbər saytının sözçüsü Frans Pressə deyib: "GlobalPostun icra rəhbəri Philip Balboni bildirir ki, yaraqlılar 100 milyon avro istəyib, yəni 132 milyon dollar."

Frans Press Foley ilə birlikdə əsirlikdə olan Fransa vətəndaşı Nicolas Heninlə də danışıb. Henin deyib: “Azad etdirmək üçün pul verməyən ölkələrdən olanlar anlayırlar ki, onların vəziyyəti mürəkkəbdir”.

Vaxtilə yaraqlıların girovu olan və adının çəkilməsini istəməyən başqa bir fransalı agentliyə deyib: “əsirlikdə amerikalılar və avropalılar müxtəlif hisslər keçirir. Amerikalılar bilirlər ki, bizim ölkələrdən fərqli olaraq onların hökumətləri onları azad etmək üçün girov pul verməyəcək, ona görə onların qorxu hissləri bizimkindən güclüdür”.

2009-cu ildə 7 ay Taliban əsirliyində olan amerikalı jurnalist David Rohde əsirlikdən yalnız qaçmaqla qurtara bilib. O media vasitəsilə Qərb hökumətlərinə müraciət edib ki, əsirlikdən azad etmək üçün pul vermə məsələsini qaydaya salsınlar. O deyir: “İndiki yanaşma iflasa uğrayır”. “Foley ölməməli idi”.