İranlı ayətullahdan 3G internet fətvası

-

Golnaz Esfandiari

AYƏTULLAH 3G-ə QARŞI

İranın sərt təmayüllü vəzifəli ayətullahlarından biri bəyan edib ki, yüksək sürətli mobil internet qeyri-islamidir və insanlıq və mənəviyyat normalarına ziddir.

Böyük Ayətullah Naser Makarem Shirazi deyib ki, İran hökuməti yüksək sürətli mobil intrenet və 3G xidmətləri ölkədə geniş istifadə olunmazdan əvvəl onların “mənfi imkanlarını” önləyən tədbirlər görməldiir.

Mömin şiələrin nümunə hesab etdikləri Makarem Shirazi bildirib ki, internet xidmətlərinin tələm-tələsik genişləndirilməsi gənclərə anti-İslam məzmunlu filmlərə və başqa materiallara çıxış verər və mənəvi pozğunluğu artıra bilər.

Makarem Shirazi bu bəyanatı bir qrup internet istifadəçisinin sorğusu ilə bağlı verib.

Öz internet səhifəsində yerləşdirdiyi bəyanatda Makarem Shirazi yazır ki, hakimiyyət internetdə senzura da daxil olmaqla virtual məkana nəzarət edən Ali Kiberfəza Şurası ilə məsləhətləşməlidir.

“Hakimiyyət bu proqramın gətirdiyi maliyyə gəlirlərindən şirniklənməməli və onu dini intellektuallığın və ya elmi azadlığın növü kimi qəbul etməyə tələsməməlidir".

Ayətullah əlavə edib ki, ölkənin ədliyyə rəsmiləri də bu “həyati məsələ”yə biganə qalmamalıdırlar.

İNTERNET FƏALLARI AYƏTULLAHI QIZIŞDIRIB?

Bir qrup internet fəalı Ayətullah Makarem Shirazi-yə ünvanladıqları sorğuda bildiriblər ki, İranın Kommunikasiyalar Nazirliyi tezliklə daha çox mobil telefon əməliyyatçısına yüksək sürətli internet xidmətləri üçün lisenziyalar verməyi planlaşdırır.

İranda indiyədək bir mobil telefon əməliyyatçısı – Rightel 3G xidmətlərinə dair müstəsna lisenziyaya malik idi, lakin son həftələrdə daha iki provayderə belə lisenziyalar verilib. Buna baxmayaraq 3G abunəçiləri hələ də İranın mobil kommunikasiya bazarında kiçicik paya malikdirlər.

Fəallar qrupu yazır ki, İran belə xidmətlərin “mənəviyyatsız foto və film materiallarına çıxış vermək”, “ailənin əsaslarını sarsıtmaq” və ölkənin “məxfi informasiyasına casus müdaxiləsi etmək və bu informasiyaları satmaq” imkanı yaratmaq kimi ziyanlarını önləmək üçün lazımi struktiurlara malik deyil.

PREZİDENT AYƏTULLAHLARA QARŞI?

Bu hadisə prezident Hassan Rohani-nin sərt xətt-hərəkət tərəfdarlarından gördüyü təzyiqləri bir daha üzə çıxarıb. O, prezident seçilərkən internet senzurasını məhdudlaşdıracağını və iranlılara daha geniş infiormasiya çıxışı verəcəyini vəd etmişdi.

Ayətullah Makarem Shirazi-nin hökumətə məsləhətləşməyi tövsiyə etdiyi Ali Kiberfəza Şurasına prezidentin özü sədrlik edir. Lakin Rohani bu şurada təkbaşına qərarlar vermək iqtidarında deyil. Bu şurada İnqilab Keşikçiləri Qvardiyasının komandanı, İran ədliyyəsinin rəhbəri və dövlət radio- televiziya yayınları idarəsinin başçısı da daxil olmaqla mühafizəkarlar çoxluq təşkil edirlər.

Bu şura 2012-ci ildə ali dini rəhbər Ayətullah Ali Khamenei-nin təşəbbüsü ilə yaradılıb. O vaxt Khamenei demişdi ki, iranlıları informasiya və kommunikasiya texnologiyalarının zərərindən qorumaq lazımdır.

ROHANİNİN İNTERNETİ DƏSTƏKLƏYƏN AÇIQLAMALARI

Bu ilin əvvəllərində Rohani bəyanatlarının birində demişdi ki, internetdən qorxmaq yox, ona faydalı imkan kimi baxmaq lazımdır.

Rəsmi İRNA agentliyi mayın 20-də Rohanidən sitat dərc etmişdi: “Biz internetə imkan kimi baxmalıyıq. Biz vətəndaşlarımızın World Wide Web-ə bağlana bilmək haqqını tanımalıyıq”.

Makarem Shirazi və onun fətvası bir daha nümayiş etdirib ki, ölkədə minlərlə internet saytının və sosial medianın filtrlənməsinə baxmayaraq, internet hələ də mühafizəkar din xadimlərinin narahatlıq mənbəyi olaraq qalır.

Bu, Makarem Shirazi-nin 3G-yə qarşı ilk hücumu deyil. Ötən il o videozəngləri tənqid edərək demişdi kİ, onların xeyirdən çox ziyanı var.

Onun son fətvası da internetdə ciddi tənqidlərə səbəb olub.

“Bizdə indi onsuz da internet süzgəclənir. Bundan başqa nə istəyirsiniz?” Bu sulaı istifadəçilərdən biri Makarem Shirazi-nin fətvasını yaymış internet saytının şərh bölümündıə verib.

“İnternet su və yemək qədər zəruridir” – yazır başqa bir istifadəçi. Başqa bir istifadəçi isə yazır ki, internetə tərəqqinin aləti kimi baxılmalıdır:

“Biz geri qalmış ölkəmizdə hər şeyin yalnız pis tərəfini görürük. Məsələyə bu cür baxılsa, onda gərək üzüm də qadağan oluna ki, ondan şərab hazırlana bilər!!!”

Ayətullahın fətvasını həmçinin sosial mediada bəzi iranlılar tənqid ediblər. Onlar yazırlar ki, dini xadim bələd olmadığı məsələlər barədə hökm verməməlidir.

“Bilmədiyin şeylər barədə gərək danışmayasan” – yazır bir gənc Facebook-da.