Türk rejissorun “soyqırım filmi” ABŞ-da tənqid edilir

"Çapıq" filmindən kadr

-

Kaliforniyada mənzillənən hitfix.com İnternet nəşri türk rejissor Fatih Akının “erməni soyqırımı”ndan bəhs edən “Çapıq” filmini tənqid edir.

Məqalə müəllifi Catherine Bray-in yazdığına görə, 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərə qarşı həyata keçirilən siyasət doğrudan da kinoda əksini tapmalı bir mövzudur, amma bu elə ciddi mövzudur ki, bunu ən yüksək səviyyədə etmək lazımdır. Akının filmi haqda isə bunu demək olmaz.

Məqalədə deyilir ki, o zaman 1,5 milyon erməni ölüb, sürgün zamanı döyülüb, zorlanıb, öldürülüb. Akının filmi isə həmin hadisələrin əsl miqyasını tamaşaçıya çatdırmır. Bunun təşkil edilmiş sistematik bir qətliam olduğu təsəvvürü yaranmır. Elə çıxır ki, o zaman olanlar bir neçə min insanın faciəsindən o yana getmir.

Məqalə müəllifi düşünür ki, hadisələrin əsl miqyasını verə bilməmək yəqin ki filmin büdcəsinin azlığı ilə bağlı olub. Bir də baş qəhrəmanın faciəsini verməklə bir insanın simasında hamını ümumiləşdirmək istəyi ilə. Amma bütün bunlar, onun fikrincə, onunla nəticələnib ki, baş verən faciənin miqyası kiçildilib.

Fatih Akın hazırda "Çapıq" filmi ilə Venesiya Festivalında baş mükafat uğrunda yarışır.