Növbəti monitorinq zamanı da «quş qripi» aşkarlanmayıb

«Quş qripi» xəstəliyi ilə bağlı ölkə üzrə sentyabrın 18-dən 22-dək Abşeron yarımadası, Pirallahı adası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında həyata keçirilən növbəti monitorinq zamanı seçmə üsulla ovlanmış 43 baş çöl, ayrı-ayrı quşçuluq və şəxsi təsərrüfatlardan götürülmüş 3374 baş ev quşlarının patoloji material və qan nümunələrinin müayinəsi zamanı sözügedən virusun daşıyıcısı aşkar edilməyib».


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Mətbuat Mərkəzinin oktyabrın 2-də yaydığı məlumatda belə deyilir.


Monitorinq zamanı ərazilərin heç birində ölmüş və ya xəstə quş cəsədlərinə təsadüf edilməyib.


Məlumatda deyilir ki, DBX sərhəd-keçid məntəqələrində öz fəaliyyətini ciddi iş rejimində davam etdirir: «Eyni zamanda, hər bir rayonun baytarlıq idarəsinə lazımi miqdarda dezinfeksiyaedici maddələr, xüsusi geyim və çiləyici çatdırılıb».


Xəstəliyin ilk növbədə köçəri və çöl quşları ilə yayılmasını bildirən DBX, belə quşların ovlanmasına, satılmasına və onlardan qida məhsulu kimi istifadə olunmasına, həmçinin bazarlarda, yol ətraflarında diri ev quşlarının satılmasına qoyulan qadağanın hələ də öz qüvvəsində qaldığını bəyan edir.


Bu ilin əvvəlində Azərbaycanda «quş qripi» xəstəliyi nəticəsində beş nəfər vəfat edib.