Gay cütlük nişanlanıb gizlənməli oldu

Azərbaycan, LGBT aktivistləri

-

Azərbaycanda gay cütlük nişan mərasimindən sonra ölüm hədələri aldığından gizlənməyə məcbur olub. Bu barədə “The Guardian” sentyabrın 26-da yazır.

“VƏZİYYƏT PİSDİR”

Nəfəs LGBT Azərbaycan Alyansının rəhbəri Cavid (Atilla) Nəbiyev bir neçə gün öncə facebook sosial şəbəkəsində yazırdı ki, partnoyu ilə nişanlanacaq. The Guardian yazır ki, nişan mərasimi bu həftənin əvvəlində düşüb.

Ancaq bir neçə sayt bu xəbəri və onların facebook şəkillərini dərc edəndən sonra onları ölümlə hədələyən e-mail alıblar.

Cavid Nəbiyev sentyabrın 24-də fb səhifəsində yazıb: “Dostlar, Bakıda qalmağa yer lazımdı, vəziyyət pisdi”. (AzadlıqRadiosu)

O, Bakıdan telefonla The Guardian-a danışıb:

ÖLÜM HƏDƏSİ

“Bizə şifahi şəkildə hücum hədələri gəlirdi. Bəziləri deyirdi ki, “ölməlisiniz, küçədə görsəm, sizi öldürəcəyəm””.

25 yaşlı gənc evini tərk etməli olub, çünki adamlar evinin qarşısına toplaşıb, təhqiredici şüarlar səsləndiriblər.

“Biz kiçik mərasimlə nişanlandıq. Evimdə ancaq dostlarım, cəmi 8 nəfər vardı. Dünən gecə yaşadığım yeri dəyişməli oldum. Yaşadığım binadakı şəxslər xəbəri eşidib və evimin qarşısına toplaşdılar. Çox dəhşətli idi. Ancaq indi dostumun evində, təhlükəsiz yerdəyəm”.

Azərbaycanda homoseksuallıq qanuni olsa da, gay və lesbian cəmiyyətinə qarşı ayrı-seçkilik adi haldır, Nəbiyev deyib.

ANASI GAY OĞLUNU YANDIRMAQ İSTƏMİŞDİ

Nəbiyevin 19 yaşlı partnyorunun adı təhlükəsizlik baxımından açıqlanmır. Atası xəbəri eşidəndən sonra onu universitet əvəzinə əsgərliyə yollayacağı ilə hədələyib.

“Partnyorumun başına nə gəldiyini bilmirəm. O, hazırda valideynlər ilə birlikdədir. Mənə qısa mesaj göndərib. Valideynləri ölkədən çıxmağımız üçün lazım olan bütün sənədləri alıblar,” Nəbiyev söyləyib. Onu da əlavə edib ki, partnyorunun anası ötən ay üzərinə benzin tökərək onu yandırmaq istəyib, ancaq alınmayıb.

Nəbiyev deyib ki, polis onların təhlükəsizliyinin təmin olunması ilə bağlı tələblərini dinləmir. Onun başçılıq etdiyi LGTB alyansı parlament üzvlərinin onların hüquqlarını qaldırmasını istəyib, ancaq çox uzağa gedə bilməyiblər.

HÖKUMƏT DƏ HOMOFOBİKDİR

“Hökumətimiz də homofobikdir,” o, deyir, “Bir deputat prezidentdən Azərbaycanda LGBT hüquqları barədə soruşdu, ancaq o, heç bu sualı heç cavablandırmadı”.

Bu hadisə Avropa Şurası parlament Assambleyasının yay sessiyasında Prezident İlham Əliyevin çıxışı zamanı baş vermişdi (AzadlıqRadiosu).

2012-ci il Eurovision mahnı müsabiqəsinin Bakıda keçirilməsi LGTB icmasına diqqəti artırdı. The Guardian yazır ki, bu keçmiş sovet respublikasında insan hüquqları, ifadə azadlığı pozulmaqdadır.

Sumqayıt Polis İdarəsindən AzadlıqRadiosuna bildirdilər ki, onlara Cavid Nəbiyevin təhdid olunması və ya həyatının təhlükədə olması haqda müraciət daxil olmayıb: “Bizdə belə məlumat yoxdur”.

Daxili İşlər Nazirliyindən isə “vətəndaş hüququnun pozulduğunu düşünürsə aidiyyatı üzrə polis bölməsinə və digər instansiyalara müraciət etsin, məsələ araşdıralacaq” dedilər.