Almaniyada zəhərli futbol «köpüyü»

Foto: Arxiv

-

Braziliyada keçirilən dünya çempionatı çoxlarının yadında həm də hakimlərin futbol meydançasına köpüklə cızdığı ağ xətlərlə də qaldı.

UEFA Çempionlar Liqasında və İngiltərə, Fransa, İtaliya, İspaniya, Türkiyə futbol birinciliklərində geniş tətbiq olunan «köpüklü boya»ların Almaniyadakı aqibəti gözlənilməz ola bilər. Səbəb – «köpüyün» tərkibində kanserogen maddənin tapılması barədə iddiadır.

Bu haqda xəbər yayan Almaniyanın «Bild» qəzeti, yazır ki, Almaniya Yoxlama Qurumunda (TÜV) çalışan doktor Greta Dau Argentinada istehsal edilən " 9-15 fair play limit" köpüyünün tərkibində ziyanlı «paraben» adlı kimyəvi maddənin üzə çıxarıldığını bildirib. Dau boya qutusunun üzərində açıq-aydın xəbərdarlığın olmadığını və köpükdəki maye miqdarının Avropa standartlarına uyğun gəlmədiyini də söyləyib.

«Paraben» bir çox kosmetik məhsullarda istifadə edilən, ucuz və zərərli bakteriyaların qarşısını alan, həm də məhsulun ömrünü uzadan kimyəvi maddədir. Bununla belə, bir çox araşdırmalar, o cümlədən Edinburq Universiteti onkologiya mütəxəssislərinin araşdırması 20 müxtəlif xərçəng şişinin 18-də bu maddənin olmasını üzə çıxarıb.