Monica Belucci: «Gözəlliyimi itirməkdən yox, ölümdən qorxuram»

Monica Belucci

-

“Biz yaşlandıqca gözəlliyimizi itirməkdən elə qorxuruq ki. Amma belə şeylər məni narahat etmir.

Mən ölümdən qorxuram, çünki iki uşağım var və onların böyüyüb başa çatmasını görmək istəyirəm”.

Sentyabrın 30-da 50 yaşını haqlayan məşhur italyan aktrisası Monica Belucci deyir bunu.

O, Britaniyanın “Daily Mail” qəzetinə bir müddət əvvəl verdiyi müsahibədə bildirir ki, uşağı olmamışdan əvvəl nə qocalmaqdan, nə də ölməkdən qorxurmuş.

Monica Bellucci

O, qızlarından birini 39, o birisini 45 yaşında dünyaya gətirib.

POMADA VƏ QADINLIQ…

“Mən həmişə pomadanı sevmişəm. Qadına bu sevgi anasından, nənəsindən keçir.

Güzgünü götürüb pomadalanmaq qadın üçün elə təbii bir vərdişdir ki” – deyir Monica Belucci:

“Mən təpədən-dırnağa italyanam.

Hara gedirəmsə, italyan olaraq qalıram.

Danışıq tərzim, yeməyim, qadınlığın mənim üçün mühümdür.”

Monica Belucci düşünür ki, övladları onun həyatını dəyişib:

“Onlar mənə böyüməyə, uşaqlığımdan qopmağa kömək etdilər.

Uşaqlığım mənim üçün bir zindan idi. (Ardı aşağıda)

M.Belucci "Malena" filmində

O mənada yox ki valideynlərim pis adamlardı, əksinə.

Ona görə ki, evin tək uşağı idim və daim özümü yalqız hiss edirdim.

Həmişə ətrafımda çoxlu qohumum, tanışım olardı.

Amma yalqızlıqdan doğan kədər hissi məni heç zaman tərk etməzdi”.

Claudia Cardinale

GÖZƏLİN SEVİMLİ GÖZƏLLƏRİ

Monica Belucci özü hansı qadın aktrisaların stilini sevir:

Claudia Cardinale,

Sophia Loren,

Gina Lollobrigida,

Silvana Mangano…

Onun sevdiyi yazıçı isə Irène Némirovsky-dir (1903-1942).

Ölüm düşərgəsində məhv edilmiş yəhudi yazıçı 2-ci Dünya Müharibəsinin ilk illərində Fransada gördüklərindən yazır.

Onun üçün “Baxılmalı film” italyan rejissoru Federico Fellini-nin “Şirin həyat”ıdır: “Filmdəki xoşbəxtlik və sevgi axtarışı bəşəri bir mövzudur.

Amma bu film həm də personajın yaşadıqlarını elə formada anladır ki, insanı həqiqətən düşünməyə vadar edir”.

O ki qaldı Monica Belucci-nin sevdiyi mahnılara, aktrisa deyir ki, bu onun ovqatından asılıdır.

Müsahibə alınan gün onun Sade və Marisa Monte-ni dinlədiyi dövrə təsadüf edib.