Beynəlxalq Müdafiə Komitəsi jurnalistlərə təzyiqlərdən narahatdır

«Son üç ayda bir çox dövlət rəsmiləri hakimiyyəti tənqid edən jurnalistlərə qarşı 10-dan çox siyasi məhkəmə iddiası qaldırıblar»

Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi Azərbaycanda dövlət rəsmilərini tənqid etmiş müstəqil və müxalifət jurnalistlərinə təzyiqlərdən çox narahatdır. Bu narahatlıq qurumun icraçı direktoru Coel Simonun Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubunda ifadə olunur.

Məktubda diqqət jurnalistlər Şahin Ağabəyli, Eynulla Fətullayev, Fikrət Fərəməzoğlu və Sakit Zahidova qarşı məhkəmə proseslərinə çəkilir: «Son üç ayda bir çox dövlət rəsmiləri hakimiyyəti tənqid edən jurnalistlərə qarşı 10-dan çox siyasi məhkəmə iddiası qaldırıblar. Bu tendensiya narahatlıq doğurur. Daxili İşlər naziri Ramil Usubov Ağabəyli, Fətullayev və Fərəməzoğluna qarşı beş məhkəmə iddiası qaldırıb. Biz Azərbaycanda müstəqil mətbuatı qorxutmaq kampaniyasını pisləyirik və Sizi bunun qarşısını almaq üçün öz səlahiyyətinizdən istifadə etməyə çağırırıq».


Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi ölkə başçısını Ramil Usubov da daxil olmaqla, dövlət rəsmilərinin jurnalistlərə qarşı məhkəmə iddalarını dayandırmağa, Şahin Ağabəyli və Sakit Zahidovun dərhal azad edilməsinə çağırır. Həmçinin prezidentdən Azərbaycanın Cinayət Məcəlləsindən böhtan və təhqirə görə «arxaik maddələrin» çıxarılmasını təkid edir: «Demokratik ölkələrin təcrübəsi göstərir ki, Mülki Məcəllədə təhqir və diffamasiyanın cəzalandırılması üçün nəzərdə tutulan mexanizm kifayət edir».


Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsinin mərkəzi qərargahı Nyu-Yorkda yerləşir.