Həbib Müntəzir: «Nazir bizi görüb gülümsədi»

AŞPA-da etiraz - 2 oktyabr 2014

-

Xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə bağlı çıxışı başlayan kimi zalda etiraz səsləri eşidilib. Etirazçılar üzərilərinə həbsdə olan azərbaycanlı hüquq müdafiəçilərinin şəkli olan köynəklərlə nazirin çıxışını izləyiblər.

Etirazçılardan biri - Həbib Müntəzir AzadlıqRadiosuna bildirib ki, Elmar Məmmədyarov zala daxil olarkən onları görüb, gülümsəyib keçib:

«Nazir prezident İlham Əliyevin etdiyi yanlışı təkrarlamadı. Ötən dəfə prezident çıxışında bizi göstərərək, «bu uşaqlar 90-cı illərin əvvəlini görməyənlərdir» dedi və diqqəti birbaşa bizə yönəltdi. Nazir isə bizə heç bir işarə vurmadı».

Elmar Məmmədyarovun çıxışı başa çatandan sonra etirazçılar «siyasi məhbuslara azadlıq!» deyə qışqırıblar. Həbib Müntəzir deyir ki, çıxışdan sonra nazirə yaxınlaşmağa cəhd ediblər. Amma bu dəfə də alınmayıb:

«Necə deyərlər nazir aradan çıxdı».

Elmar Məmmədyarovun çıxışı yekunlaşandan sonra avropalı deputatlar, jurnalist və hüquqçuların iştirakı ilə Azərbaycanda insan haqlarının durumu müzakirə edilib.