Şahvələd Çobanoğlu isə deyir ki, Eynulla Fətullayevin atasına təzyiq elə qəzetə hücumların bir hissəsidir. Bu təzyiqlərin təxminən dörd ay bundan əvvəl başlandığını deyən Şahvələd Çobanoğluna görə, hətta qəzeti satın almaq cəhdləri də olub, amma onlar razılaşmayıblar. Haqqında danışdığı hədələrə görə hüquq mühafizə orqanlarına müraciət edib-etmədiklərinə gəlincə şef redaktor deyir ki, bu hədələr daha yuxarı səviyyələrdən gəldiyindən onlar həmin müraciətlərin nəticə verəcəyinə inanmayıblar və elə indi də inanmırlar.
Qəzetlərin bağlanması ilə bağlı jurnalist birlikləri birmənalı fikir yürütməkdə çətinlik çəkirlər. Həm də məsələyə bir qədər ehtiyatlı yanaşma var. Daxili İşlər Nazirliyində deyirlər ki, indiyə qədər onlara bu təzyiqlər barədə hər hansı müraciət edilməyib. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov bildirir ki, əgər onlarda hansısa faktlar varsa hüquq mühafizə orqanlarına təqdim etsinlər və bu məsələ araşdırılsın.
Milli Məclisin İnsan Hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova isə bu adı çəkilən qəzetlərə təzyiqlərin edilməsilə bağlı məlumatlara inanmır və qəzetlərin fəaliyyətinin dayandırılmasıyla bağlı bəyanatı da qeyri-ciddi bir bəyanat hesab edir. Rəbiyyət Aslanovaya görə, bu vaxtilə şou ilə gələn qəzetin indi şou ilə də getməsidir.
«Turan» İnformasiya Agentliyi Daxili İşlər Naziri Ramil Usubovun şərəf və ləyaqətini təhqir etmək ittihamıyla Eynulla Fətullayevin 2 il şərti azadlıqdan məhrum edildiyinə toxunaraq bildirir ki, hələ bir qədər əvvəl nazir bu qəzetləri kimin maliyyələşdirdiyini açıq şəkildə bildirmişdi. Agentliyə görə, nazir bununla Fətullayevin digər güc strukturuna keçmiş, onun rəqibi olan sabiq nazirlik əməkdaşları ilə əlaqələrinə eyham vurub.
Qəzetin birdən-birə fəaliyyətinin dayandırılmasına gəldikdə isə Mehman Əliyev deyir ki, hələ 15-20 gün əvvəl bir çox qəzetlərdə prezidentin kompromat savaşı aparan bəzi məmurlara bu məsələlərə son qoymaq barədə ciddi göstəriş verdiyi barədə məlumatlar yer almışdı. Cənab Əliyev düşünür ki, qəzetlərin bağlanması da həmin tərəflərdən birinin göstərişi ola bilər.
Rus dilində çap olunan «Realnı Azərbaycan», və «Gündəlik Azərbaycan» qəzetləri ötən ilin iyulundan fəaliyyətə başlamışdılar. Bu mətbu orqanlarda həqiqətən yüksək rütbəli məmurların ünvanına sərt tənqidlər olurdu. Bu qəzetlər az vaxtda Azərbaycan üçün elə də xarakterik olmayan bir sürətlə xeyli tiraj da toplamışdı. Məsələn «Realnı Azərbaycan» qəzetinin son sayı 29 min, «Gündəlik Azərbaycan» isə 11 min tirajla çap olunmuşdu. Amma, qəzetlərin tənqid hədəflərini təhlil edən jurnalist dairələrində həmin nəşrlərin də hakimiyyətdə bir-biri ilə mübarizə aparan qruplardan birinin himayəsi ilə yaradıldığı barədə rəy formalaşmışdı. Hərçənd ki, həmin qəzetlərin rəhbəri Eynulla Fətullayev tirajlarının çox olduğunu əsas gətirərək kimdənsə maliyyə yardımı almaları barədə ittihamları rədd edirdi.
Bir məsələni də vurğulayaq ki, söhbətləşdiyim ekspertlər və redaktorların hamısı hansı səbəbdən asılı olmayaraq istənilən qəzetin bağlanmasını fikir, söz azadlığının məhdudlaşması kimi qiymətləndirdiklərini bildirdilər.