Sakit Zahidov üç il azadlıqdan məhrum edildi

Yaxın günlərdə məhkəmənin hökmündən apelyasiya şikayəti veriləcək

Narkotik maddədən istifadə ittihamı ilə həbs olunan «Azadlıq» qəzetinin əməkdaşı, satirik jurnalist Sakit Zahidov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il azadlıqdan məhrum olundu. Onun vəkili Vüqar Xasayev məhkəmənin hökmünün əsassız və ədalətsiz olduğunu düşünür. O, deyir ki, hakim jurnalistin himayəsində beş azyaşlı uşağın olmasını, ilk dəfə bu cür cinayət törətməsi kimi yüngülləşdirici halları nəzərə almayıb. Vəkil yaxın günlərdə apelyasiya şikayəti verəcəklərini də bildirdi.


Sakit Zahidov bu il iyunun 23-də Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İdarə əməkdaşları onu məlumat əsasında saxladıqlarını və bu zaman üzərindən 9 qram heroin tapıldığını bildiriblər. O, narkotik satışında ittiham olunsa da, məhkəmə baxışı zamanı həmin ittiham əsası olmadığından dəyişdirildi. Jurnalist yalnız narkotik maddədən istifadədə təqsirli bilindiyindən Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə ittiham olunub.


Sakit Zahidov özü bu ittihamı qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu deyir. Mirzə Sakit imzası ilə şerlər yazan satirik jurnalist iqtidar təmsilçilərinin ünvanına yönələn tənqidi şerləri ilə tanınır.