İran məhkəməsi şairə 50 şallaq vurulması haqda hökm verib

İran Azərbaycanının tanınmış fəallarından Abbas Lisani

İran Azərbaycanının tanınmış fəallarından Abbas Lisani may aksiyalarında iştirak etdiyinə görə 115 gün Ərdəbil həbsxanasında saxlanıldıqdan sonra sentyabrın 26-da zaminə buraxılsa da onun mühakiməsi davam edir.


Uzun illərdən bəri İran azərbaycanlılarının milli və mədəni hüququ uğrunda fəaliyyət göstərən 39 yaşlı cənab Lisani 1997-ci ildən başlayaraq dəfələrlə nəzarət altına alınıb, həbs və şallaq cəzasına məhkum edilib. Lakin o, 2005-ci il Babək qalası yığıncağı, 2005-ci il avqust ayı Məşrutə inqilabının ildönümü Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasim və nəhayət cari ilin may aksiyalarında etdiyi fəal iştirakına görə son bir ay ərzində 3 dəfə mühakimə edilib. 2006-cı ilin may ayında İran Azərbaycanını şəhərlərində «İran» qəzetində nəşr olunan və azərbaycanlıları təhqir etdiyi bildirilən karikaturaya etiraz olaraq aksiyalar keçirilmişdi.


Sentyabrın 6-da İran İslam Respublikası İnqilab Məhkəməsinin Kəleybər şəhərindəki şöbəsi həmin şəhərin yaxınlığında yerləşən Babək qalasına getdiyi üçün Abbas Lisaninyə sürgün hökmü verərək onun İranın cənubundakı ucqar bir həbsxanada 1 il saxlanılmasına qərar verib.


39 yaşlı cənab Lisani 1997-ci ildən başlayaraq dəfələrlə nəzarət altına alınıb, həbs və şallaq cəzasına məhkum edilib

Lisani daha sonra Ərdəbildə may aksiyalarında iştirak etdiyi üçün müxtəlif ittihamlarla mühakimə edilib. Sentyabrın ortasında başlayan Ərdəbil məhkəməsinin ilk qərarı ilə o, bir il həbsə məhkum edilib. Sentyabrın 29-da başa çatan həmin məhkəmə son qərarını oktyabrın 3-də bildirib. Bu qərara əsasən Ərdəbil mitinqlərinə başçılıq və xalqı inqilaba çağırmaqda ittiham edilən şair və yazıçının cəzalarına 16 ay həbs və 50 şallaq zərbəsi də əlavə edilir.


Bununla Abbas Lisaninin həbs cəzası 3 il 4 aya yüksəlib. Lakin, onun məhkəmələri sona çatmayıb və 2005-ci il Bağır Xanın məzarını ziyarət etdiyi üçün bu dəfə Təbrizdə mühakimə edilməlidir. məhkəmənin tarixi isə bildirilməyib.


Abbas Lisani Ərdəbil həbsxanasında saxlanıldığı müddət səbəbsiz tutulduğuna etiraz edərək 58 gün aclıq elan etmiş və bir sıra hallarda mayelərin qəbulundan belə imtina etmişdi. Aclıq etdiyi müddətdə İran polisi onu izolyatorda saxlamışdı. Lisaninin aclıq aksiyası iyulun 30-da, ailəsinə ona baş çəkmək icazəsi verildikdən sonra başa çatmışdı. Həmin görüşdən sonra ailəsi onun zəiflikdən danışa bilmədiyini söyləmişdi. Aclıq aksiyasının sonunda Lisaninin 30 kiloqram çəki itirdiyi bildirilir.