Haqverdiyevin hekayələri macar dilində çıxacaq

Əbdürrəhim bəy Haqverdiyev

-

Macar oxucuları XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri, yazıçı, dramaturq, ictimai xadim və diplomat Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) seçilmiş hekayələri ilə ana dilində tanış olmaq imkanı qazanacaqlar.

Azərbaycanın Macarıstandakı Səfirliyinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, əsərləri orijinaldan Bakı Dövlət Universitetinin məzunu, azərbaycanşünas-alim, hazırda Budapeştdəki Eötvöş Lorand universitetinin türkologiya bölümündə çalışan Mariya Keneşi tərcümə edib.

Səfir Vilayət Quliyev nəşrə görkəmli yazıçının həyat yolundan və yaradıcılıq özünəməxsusluqlarından bəhs edən müqəddimə yazıb.

Azərbaycan ədəbiyyatının təbliğinə xidmət edən bu kitablar, bir qayda olaraq, Macarıstan kitabxanalarına və universitetlərinə hədiyyə olunur. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının təbliğinə xidmət edir.

İndiyədək Səfirliyin dəstəyi ilə “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Oğuzxan” dastanları, Məhəmməd Füzulinin, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Mir Cəlalın əsərləri, Azərbaycan xalçasına və mətbəxinə dair kitablar Budapeştin müxtəlif nəşriyyatlarında macar dilində çap edilib.