Amerika təşkilatı Azərbaycanı tərk edir

IREX

-

16 ildir Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) Bakı nümayəndəliyini bağlayıb.

Bağlanma qərarı Prokurorluq əməkdaşlarının İREX-in Bakı ofisinə reydindən sonraya təsadüf edir. Təşkilatın bank hesabına isə həbs qoyulub. Azadlıq radiosuna daxil olan məlumatlara görə isə son bir neçə ayda təşkilatın yerli işçiləri prokurorluq orqanlarında dəfələrlə dindiriliblər.

IREX-in Vaşinqton ofisinin yaydığı məlumatda bu məqamlara toxunulmayıb. Açıqlamada sadəcə deyilir ki, "nümayəndəliyin ləğvi barədə qərar bu il sentyabrın 30-da qəbul edilib."

Qərar qəbul edildiyi gün IREX Bakı ofisini boşaldıb.

IREX bəyan edir ki, 1998-ci ildən bəri fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda təhsilə, medianın inkişafına, internet infrastrukturunun genişlənməsinə dəstək olub. Bununla bağlı müxtəlif dövlət və hökumət, eləcə də kommersiya və qeyri-kommersiya qurumları ilə sıx əməkdaşlıq edib.

IREX ümid edir ki, Azərbaycandakı fəaliyyəti Azərbaycan xalqı və hökuməti nəzdində obyektiv qiymətləndiriləcək: «Son vaxtlar müxtəlif səpkidə mediaya ötürülən əsassız və böhtan dolu iftiralar ciddi qəbul edilməyəcək və başladılan proseslər hüququn üstünlüyü çərçivəsində obyektiv yekunlaşacaq».

Ötən ay – sentyabrın 5-də prokurorluq əməkdaşları IREX-in Bakı ofisində axtarış aparıb. Ofisdəki elektron avadanlıqlar, sənədlər müsadirə olunmuşdu.

Bir sıra yerli və beynəlxalq QHT-lərə açılan «cinayət işi» üzrə iyulun 31-də məhkəmə qərarı ilə IREX-in də bank hesabına həbs qoyulmuşdu.