-
Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Perm şəhərində keçirilən I Beynəlxalq Martin McDonagh Festivalından dönüb.
Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, “Lineynin trilogiyası”na daxil olan “Yalqız Qərb” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa festivalın fəxri diplomuna və xüsusi mükafata layiq görülüb.
Tamaşanın quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Gülnar Hacıyeva, işıq üzrə rəssamı Maykl Manyon, quruluşçu rəssamı Elizabet Kuk, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur.
Tamaşada rolları Nigar Məmmədova, Rasim Cəfərov, Anar Səfiyev, Vüsal Mehrəliyev ifa edirlər.
Oktyabr ayının 7-dən – 14-dək davam edən festivalda Azərbaycanla yanaşı, Almaniya, Polşa, Moskva, Çexiya, Avstriya, Böyük Britaniya, Bosniya və Hersoqovina, Perm, Sankt-Peterburq, İjevsk və digər ölkələrin teatr kollektivləri iştirak ediblər.
Festivalın iştirakçıları dramaturq McDonaghın yaradıcılığına aid maraqlı səhnə əsərləri təqdim ediblər.
Nümayiş olunan hər tamaşadan sonra keçirilən müzakirələr festivalın nüfuzlu münsiflər heyətinin rəhbərliyi ilə baş tutub.
Festivalın münsiflər heyətində dünyaca məşhur teatr xadimləri - Adolf Şapiro (Moskva), Valeriy Anisenko (Belarus), Vladas Baqdonas (Litva), Rolan Bonnin (Fransa), Oleq Efremov (Moskva), İlya Lerner (Çexiya), Patrik Lonerqan ( İrlandiya), Nina Mazur (Almaniya), Oleq Pivovarov (Moskva), Pavel Podkladov (Moskva), Vladimir Speşkov (Çelyabinsk), Vera Şamin (Kazan) olub.
Festival çərçivəsində Oskar mükafatçısı McDonagh yaradıcılığının tədqiqatçısı Patrik Lonerqanın iştirakı ilə ustad dərsləri keçirilib, eləcə də, Martin McDonaghın dünya teatrlarında səhnəyə qoyulmuş tamaşalarının video versiyasına ictimai baxış və müzakirələr, teatr tənqidçilərinin dəyirmi masa arxasında tamaşaların müzakirəsi, İrland rəqsləri üzrə ustad dərsləri təşkil olunub.
“Yalqız Qərb” tamaşası oktyabrın 12-də Permdəki “У моста” teatrının böyük səhnəsində nümayiş etdirilib. Tamaşadan sonra münsiflər heyətinin iştirakı ilə müzakirələr və mətbuat konfransı keçirilib. Münsiflər heyəti tamaşa haqqında yüksək fikirlər səsləndirib, jurnalistlər yaradıcı heyətə suallar ünvanlayıb.