Yaxın günlərdə növbəti əfv ola bilər

Əfv fərmanı icra olunur, 19 mart 2004

Yaxın günlərdə prezident növbəti əfv fərmanı imzalaya bilər. Prezident Yanında Əfv Komissiyasının üzvü, millət vəkili Vaqif Səmədoğlu deyir ki, qurum artıq 200-dən çox müraciəti araşdırıb: «Biz işləyiriksə, deməli, prezident yeni bir əfv fərmanı verib, yüzlərlə ailəni sevindirmək qərarına gəlib».

Cənab Səmədoğlunun sözlərinə görə, komissiyaya müraciətlərin sayı çoxdur. Hələ ki, qurum müraciətləri tam araşdırmayıb.


Vaqif Səmədoğlu əfv fərmanının siyasi məhbus hesab edilən bir sıra insanlara da şamil ediləcəyini istisina etmir. Ancaq onun sözlərinə görə, əsas müraciətlər ailə-məişət zəminində cinayət törədən insanlarla bağlıdır.


Rəsmilər ölkədə siyasi məhbus olmadığını desələr də, hüquq müdafiə təşkilatları bunun əksini söyləyirlər. Ancaq siyasi məhbus hesab edilən şəxslərin sayı ilə bağlı hüquq müdafiəıçiləri arasında yekdil fikir yoxdur.


Azərbaycanda sonuncu əfv fərmanı bu il yanvarın 19-da verilib. Dövlət başçısının həmin fərmanı ilə 95 məhbus azadlığa buraxılmışdı.