-
Avropa Şurasının baş katibi Thorbjørn Jagland-ın təklifi ilə Azərbaycanda insan haqları pozuntuları və siyasi məhbuslarla bağlı işçi qrup fəaliyyətini bərpa edir.
Bu haqda AzadlıqRadiosuna Söz Azadlığını Müdafiə Komitəsinin sədri Arzu Abdullayeva bildirib.
Hökumət və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət bu qrup 2003-cü ildə təsis edilmişdi və 2008-ci ilə qədər fəaliyyət göstərirdi.
Arzu Abdullayevanın dediyinə görə, bir neçə ay idi hökumətlə yeni işçi qrupun yaradılması ilə bağlı danışıqlar gedirdi.
Oktyabrın 22-də Milli Məclisdə işçi qrupun ilk iclası olacaq. İclasda təsis məsələləri və qrupda hökumət təmsilçilərinin tərkibi açıqlanacaq.
İNSAN HAQLARI KOMİSSARI GƏLİR
Avropa Şurasının insan haqları komissarı Nils Muiznieks oktyabrın 22-24-də Bakıya səfər edəcək.
Bu barədə AzadlıqRadiosuna komissarın ofisindən məlumat verilib.
Nils Muiznieks Azərbaycanda fundamental insan haqları pozuntularını kəskin tənqid edənlərdən biridir. O, dəfələrlə hakimiyyəti Avropa Şurası öhdəliklərinə əməl etməyə çağırıb. Komissar AzadlıqRadiosuna son müsahibəsində Avropa Şurasını da çağırırdı ki, ölkədə vətəndaş cəmiyyətinə son təzyiqlərə qətiyyətli reaksiya versin:
«Gözləyirəm ki, Nazirlər Komitəsi və Parlament Assambleyası da Azərbaycandakı hazırkı duruma münasibət bildirəcək», - komissar vurğulayırdı.
Nils Muiznieks 2013-cü ilin mayında Bakıda səfərdə olub, rəsmilərlə, vətəndaş cəmiyyəti fəalları ilə görüşüb. Həmin il hazırladığı hesabatda bir sıra tövsiyələr irəli sürüb. Bir il sonra – 2014-cü ilin aprelində isə hesabatı yeniləyib, bunu Azərbaycanın öhdəlikləri davamlı pozmasıyla izah edib.
Azərbaycanın Avropa Şurasında sədrliyi noyabrda bitir.
Yerli və beynəlxalq hüquq müdafiəçiləri altı aylıq sədrlik dövründə vətəndaş cəmiyyətinə təzyiqlərin artdığını vurğulayır. Maydan bəri daha çox müstəqil fikir daşıyıcısı həbsə atılıb.