Məşhur uşaq yazıçısının uşaqbaz olması haqda iddia

Lewis Carroll, avtoportret

“Alisa möcüzələr ölkəsində” əsərinin müəllifi Lewis Carroll ömrü boyu subayçılığın daşını atmamışdı.

Şübhələrə rəvac verən həm də onun özünün çəkdiyi yarıçılpaq uşaq rəsmləri və fotolarıdır.

Görkəmli ingilis yazıçısı, riyaziyyatçısı Lewis Carroll-un ölümündən 100 ildən çox müddət keçir.

Amma onun uşaqbaz olması ilə bağlı şübhələr heç vaxt səngiməyib.

Məsələn, Morton N. Cohen-in, “Lewis Carroll: A Biography” (1995), Donald Thomas-ın “Lewis Carroll: A Portrait with Background” (1995) və Michael Bakewell-in “Lewis Carroll: A Biography” (1996) kitablarında yazıçının pedofil olduğu, amma bu meyllərin onda gizli olub üzə çıxmadığı, “yazıçının bu hissi hətta özünə də etiraf etməyə cürəti çatmadığı” haqda iddialar yer alır.

Ömrü boyu subayçılığın daşını atmayan Lewis Carroll-la bağlı bu şübhələrə rəvac verənsə həm də onun özünün çəkdiyi yarıçılpaq uşaq rəsmləri və fotoları olub.

Alice Liddell

Bir çoxları bunları Viktorian Uşaq Kultuna aid nümunələr kimi təqdim edirlər. Yəni uşaqları saflıq, paklıq rəmzi olaraq qabardan estetik, fəlsəfi cərəyan. Yazıçını müdafiə edənlər o dövrdə belə fotoların başqa fotoqraflar tərəfindən də çəkildiyini, hətta bu cür Milad açıqçalarının da buraxıldığını bildirirlər. Həmin fotoların valideynlərin iştirakı ilə çəkildiyini deyirlər.

Bunlara 20-ci, yaxud 21-ci əsrin gözüylə baxılmamasına çağırırlar.

Onların bildirdiyinə görə, ailə qurmasa da, Lewis Carroll-un xeyli qadınla (hətta bəzən ərli qadınlarla) münasibətləri olub, bunların azı üçü hətta qalmaqalla nəticələnib. Ölümündən sonra isə yazıçının bacı-qardaşları onun adına çıxan söz-söhbətlərə birdəfəlik son qoymaq, həm də bununla öz ailələrinin şərəfini qorumaq üçün “sübutları” məhv etməyə çalışıblar, yazıçının müxtəlif qadın adları çəkilən gündəliklərini ya senzuradan keçirib, ya da məhv ediblər.

Beləliklə yazıçının gündəliklərində, məktublarında daha çox “uşaq dostları”nın adları qalıb. Bu da onun guya yalnız yeniyetmə qızlara maraq göstərməsi haqda səhv təsəvvürlərə rəvac verib.

Lewis Carroll-un ilham pərilərindən olmuş Beatrice Hatch. Yazıçının çəkdiyi rəsm.

İngiltərənin “Daily mail” qəzeti yazıçının şəxsi kolleksiyada saxlanan və hərraca çıxarılan bir məktubu ilə bağlı məqalə dərc edib. Yazıçı məktubda “Miss Lloyd”dan gileylənir.

Həmin qadının onun “uşaqları sevməsi” haqda sözlərini düzgün yozmaması, guya daha çox qız uşaqlarına üstünlük verdiyini deməsi ilə bağlı narazılıq edir:

“Belə şişirtmə tamamilə yersizdir”.

Qəzet yazır ki, “Alisa möcüzələr ölkəsində” əsəri üçün prototip olmuş Alice adlı qızın atası Henry Liddell uzun müddət yazıçının dostu olub (onlar eyni məktəbdə çalışıblar), amma qızın 11 yaşı olanda qəfildən, müəmmalı şəkildə iki dost arasında soyuqluq yaranıb.

Lewis Carroll-un, kiminsə onun şəxsi həyatı haqda danışmasından acığı gələrdi. Heç vaxt müsahibə verməzdi.

Ölümündən sonra da yazıçının 10 qardaş-bacısından heç biri onun haqqında kənar şəxslərə heç nə danışmamışdı.

Lewis Carroll-un məşhur "uşaq dostları"ndan olan Xie Kitchin