Yalançı vətənpərvərlik

NAHİD

-

Türkiyəli qonaq “Bu nə binasıdır?” deyib “Four Seasons” otelinə işarə edəndə, yenə həqiqəti deməyə ürəyim gəlmir. Dilim növbəti yalanı qaldıra bilmir...

NAHİD

YALANÇI VƏTƏNPƏRVƏRLİK

Xəbərdarlıq: Bu yazıda izah ediləcək hadisələr

“Vətəni sevmək” anlayışını doğru anlamda aşılamaq üçündür.

Yalanlarımızın ən böyüyü, ziyanlısı saxta vətənpərvərlikdir. Vətənpərvər anlayışı ilə “saxta vətənpərvərlik” arasında çox açıq fərqlər var. Amma gizlin fərqlər də var ki, onu hər insan başa düşməz. Qısa səyahətə çıxaq.

Qonağımın gəlişi

Təsəvvür edin ki, Türkiyədən gələcək qonaq hava limanına səhvən bir gün gec gəlir və bilet internet vasitəsi ilə alındığı üçün “Hava yolları” (THY) şirkətinə gedib cərimə ödəməklə biletini qaytarmaq istəyir. Cavab olaraq “600 manatlıq biletin, yalnız vergi ödənilmiş məbləğini qaytara bilərik” deyirlər və siz, “Şirkətinizə məndən yatırım olsun, təzə uçak alarsınız” deyib gülərək etiraz edirsiniz.

Maraqlıdır, vergi xərcini çıxıb, bilet pulunu qaytarmaq əvəzinə, vergi xərcini qaytarıb, bilet pulunu saxlayırlar. Uzunçuluq etmədən qonağın əlavə xərclə gəldiyini düşünün.

Qonaq ölkəmizə gəlməmişdən öncə Azərbaycan haqqında bilməli, vacib olan məqamları sıralayıb, imtahana hazırlaşan tələbə kimi çalışıram. Tarixi yerlər, milli yeməklər, müasir məkanlar və s. Qlobal bir məsələ ortaya çıxır, bu qonağı hara aparasan ki, Azərbaycan görsənsin? Üstümə yeriməyin, ardını oxuduqca nə dediyim aydın olacaq. Bununla yanaşı, siz də fikirləşin. Qonağınız gələrsə, onu Azərbaycanı tanıması üçün hansı məkanlara apararsınız? Oxuduqca mənim keçdiyim yerlərdən keçəcəyinizə şahidlik etsəniz təəccüblənməyin.

Gəzinti

İlk öncə İçərişəhərin Qala qapılarının birindən keçmişimizə daxil olub Şirvanşahlar sarayına üz tuturuq. Qonaq sonradan düzəldilmiş (restavrasiya edilməmiş, məhz düzəldilmiş) bəzi binaların fasadını, daş döşənmiş yolları, qala mühafizəsində işlədilən “sapand”ın, müxtəlif döyüş alətlərinin şəklini çəkir.

Lakin mən onların yeni, nümunə üçün düzəldilmiş olduğunu deməyə utanıram. Və mən “saxta vətənpərvər” olduğumun acı həqiqəti ilə üzləşirəm. Çünki doğruları gizlətdim, demədim. Beləliklə yalançı tarixin, yalançı arxitektura işinin ölkəmizdən kənara çıxmasına, bəlkə də yayılmasına yardım etdim. Bu, saxta vətənpərvərliyin birinci nümunəsi.

Şirvanşahlar sarayının dar qapısından içəri daxil olub, iki nəfərlik bilet alıram və bələdçi təklifinə “yox” deyirəm. “Bir azərbaycanlı necə ola bilər ki, bələdçi ilə Şirvanşahlar sarayını gəzsin” deyə ətrafıma eşitdirirəm. “Çəkilin, alim gəlib” kimi ifadəli baxışlar üzərimdədi. Hiss edirəm. Bizdə “başqasından ağıllı görsənmək” kimi bir özgüvənimiz var axı.

Böyük zala daxil olub tariximizin seyrinə çıxırıq. Nümayiş olunan məişət əşyalarının çoxunun 19-cu əsrə aid olması məni sevindirmir. Çünki 19-cu əsr yaxın keçmişdi. Topkapı Sarayı kimi, ən qədim əsrlərə dayalı tarixi məkanları, əşyaları nümayiş etdirən bir ölkənin, bir xalqın nümayəndəsinə 19-cu əsr necə maraqlı gələ bilər?

Gözlərim həsrətlə 6-10-cu əsrləri axtarır. Tapdığım an sevinib qonağa göstərirəm. Bir-iki eksponatdan Azərbaycan şaxəli, qüdrətli gösənmir, ancaq bizim “var olduğumuza sübut” kimi necə fərəhləndiyimi qonaq da hiss edir. Və beləliklə davam edirik.

Qonaq mənə böyük otağın tavanını göstərərək naxışları izah etməyimi istəyir. Mən bu gözəlliyə heyran olub, bildiklərimi demək istədiyim an tavan uçur və əvəzində buludlar peyda olur. Gözüm “tarixi məkanda 3D effektinin nə işi var təəccübündə yekəlir”. (Bax bu, saxta vətənpərvərlikdir) Qonaq da çaşır, mən də.

Tez yan odaya keçib İçərişəhərin “kiçik planını” göstərirəm. Gözəl işlənilib. Ancaq qonaq “Bu nə binasıdır?” deyib “Four Seasons” otelinə işarə edəndə, yenə həqiqəti deməyə ürəyim gəlmir. Ancaq deyirəm. Dilim növbəti yalanı qaldıra bilmir. (Vətən haqqında yalan danışmamaq, bax bu vətənpərvərlikdir)

Bir-birini əvəz edən dar, balaca otaqlarda müasir effektlər, yeniliklər... Mənsə “Şirvanşahlar”ı izah edirəm. Az qalır deyəm ki, “Gəl yan otağa gedib, o zamanlar şah Xəlilullahın istifadə etdiyi smartfonun markasına baxaq”

Qonaq “Qız qalası”nı görmək istəyir. “Ona maraqlı gəlmədi” hissi məni qorxudur, həyəcanlandırır.

Susuram. Yol boyu “Nədən İçərişəhərdə küçələr belə dar, evlər çox yaxındır” deyə sual edir. Mən, təmkinlə izah edib, Qız qalasına çatdığımızı deyirəm. Kassadan bilet almaq üçün bizdən öndə dayanmış xarici vətəndaşı gözləməliyəm, ancaq işlər düz getmir. Əcnəbinin verdiyi 50 manata xırdası olmadığı üçün kassir bileti satmır və kişi deyinə-deyinə kənara çəkilib “Qız qalası” ilə “Big Ben”i müqayisə aparırmış şəkildə istehzalı gülüşlə gülür.

- Xanım, bu düz deyil – deyə irad tuturam – Tariximizi görmək istəyələrə belə münasibət Azərbaycan adına yaxşı heç bir şey bəxş etmir – deyirəm. (Bax bu irad vətənpərvərlikdir)

- Xırdam yoxdu da! – deyib “tuj”lu gözlərini süzdürür. (Bu isə saxta vətənpərvərlikdir. Çünki o hələ də dərk etmir ki, himnin sözlərini bilib, bayrağın rənglərini sadalamaq hələ Vətəni sevmək, dəyərlərinə xidmət etmək deyil) Bu insancığazla daha çox ünsiyyətdə olmaq istəmirəm və xarici vətəndaşı yanıma çağırıb onun bilet pulunu ödəyib, Azərbaycana gəldiyi üçün təşəkkür edirəm.

Azərbaycan Respublikası

vətəndaşlarının nəzərinə

BİLDİRİŞ

Yazaraq sizə bildirmək istəyirəm ki, vətənpərvər olmaq üçün öncə özümüzə hörmət etdirməyi bacarmalıyıq.

Vətəndaş olaraq Vətən haqqında bilməli olduğumuz bayraq rənglərini, himni, Vətən şeirlərini, Vətənə “ana” deməyimizi, ölkədən kənarda bayrağı düz və ya səhv tutmağımızı, afrikalı, çinli, hindistanlı vətəndaşlara “Salam, Azərbaycan!” dedirtməyimizi vətənpərvərlik adına yozmayın.

Pisi ilə, yaxşısıyla özünüzdən öndə gedən tərbiyəsizi qəbul etməyə çalışın. Rüşvətxoruna, vicdanlısına, “bura daş qoyanın...” deyənə, zarafatına “Mırt” deyib “mırt”ın mənasını ömründə bir dəfə də fikirləşməyə çalışmayanlara özünüz kimi baxın. Baxın görək siz VƏTƏNPƏRVƏRSİNİZMİ?

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)