-
Sizin brauzer HTML5-i dəstəkləmir
Misir piramidaları, Qız qalası maketi, “king-kong” fiquru, simvolik şahmat və sairə...
Bura muzey deyil, adi stomatoloji kabinetdir.
Gəncəli diş həkimi Zakir Cəfərov bu günədək çəkdiyi dişləri atmayıb.
Yararlı olanların hamısını xüsusi məhlulda saxlayıb və dişdən müxtəlif fiqurlar hazırlayıb.
İlk baxışdan adama elə gəlir ki, həkimin fiqurlar düzəldib, üzünü də dişlərlə bəzəməyə həvəsi var. Lakin həkim minlərcə dişlərin analizini aparmaq üçün toplayıb:
“ELMİ TƏDQİQAT APARDIM...”
“Diş üçün dərman bitkiləri mövzusunda elmi işi olub. Hər bir həkim işlədiyi ərazidəki insanların xarakterik xüsusiyyətlərini, xəstəliklərini öyrənməlidir.
Məsələn, niyə görə Gəncə ərazisində yaşayan sakinlərdə dişlər çənə sümüyünə yapışır? Karesə daha çox tutulur? İşləməyə başlayandan sonra gördüm ki, dişlər çənə sümüyünə yapışmağa meyllidir. Başladım dişləri analiz etməyə. Çəkdiyim bütün dişləri topladım. Minlərlə diş topladım. Elmi tədqiqat apardım. Kitab da yazdım. Nəticələrə görə, Qərb bölgəsində dişlər çənə sümüyünə yapışırsa, Şimal zonasında laxlayıb düşür”.
Zakir Cəfərov deyir ki, minlərlə dişi toplayıb tədqiqat apardıqdan sonra düşünüb ki, onları atmasın. Bu səbəbdən dişlərdən fiqurlar düzəldib.
Hər bir atılmış dişin infeksiyalardan, xəstəlikdən azad olub, istifadə olunma mərhələsinə gəlməsi 1 il vaxt çəkib. Bunun üçün dişlər xüsusi məhlullarda bir neçə mərhələ üzrə saxlanıb:
“BU HƏM XƏSTƏLƏR ÜÇÜN MARAQLI OLUR, HƏM DƏ...”
“Dişləri toplayandan sonra mən başladım bunlardan fiqurlar düzəltməyə. Başladım. Eyfel qülləsi, şahmat, Misir piramidaları formasında. Dişləri də üzərinə yapışdırmışam. Bu həm xəstələr üçün maraqlı olur, həm də itməməsi üçün saxlayırıq”.
Gəncəli həkim elmi araşdırmasının nəticəsi olaraq yazdığı kitabda hər bir bölgənin xarakterik diş xəstəliklərinə toxunub . Üstəlik çıxış yollarını və müalicə üsullarını da araşdırıb:
“Burda irsi faktorlar da var. Ərazinin suyunda, qidalanmasında. Gəncədə olan minerallar digər bölgələrə nisbətən çox dur. Burda müalicəsini də göstərmişik. Dərman bitki yağları və sair onları da misal göstərmişik.
Xəstələrə masajlar təyin edirik”.
DAHA BİR ARZU...
Stomatoloq xəstələrinin dişlərini toplamağa davam edəcəyini deyir. İndi daha böyük ideya üçün. Zakir Cəfərov bir arzusunu reallaşdırmaq istəyir. Diş formasında stomatoloji kabinet tikmək arzusundadır. Binanın fasadını isə dişlərlə bəzəməyi planlaşdırır:
“Gələcək üçün böyük bir planımız var. Dişlərdən diş fiqurunda bir ev tikək. Birinci mərtəbə stomatoloji klinika kimi fəaliyyət göstərsin. Evin üzünü də həmin bu dişlərdən bəzəyək. Fəsad şəklində. Bu da Gəncənin şöhrəti üçün önəmlidir. Dünyanın heç bir yerində dişə bənzər ev yoxdur.
Üzərində işləyirəm, 1 milyona yaxın diş toplamalıyam...”.