«İrəliləyişlər olsa da, qanun pozuntuları da var»

Avropa Şurasının Müşahidə Missiyası seçkilərlə bağlı hesabat hazırlayacaq

«Oktyabrın 6-da bələdiyyələrə keçirilən təkrar, əlavə, ilk və yeni seçkilərin təşkilində Avropa standartlarına uyğun ümumi texniki irəliləyişlər olsa da, təəssüf ki, ciddi qanun pozuntuları da müşahidə olunub».


Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin bələdiyyə seçkilərini izləmiş Müşahidə Missiyasının oktyabrın 7-də verdiyi bəyanatda belə deyilir. Müşahidə Missiyasının rəhbəri Lyudmila Sfirloaqa müşahidə etdikləri qanun pozuntularının bəzilərini sadalayır:


«Məsələn, səsvermə siyahısında qeydə alınmış imzalar və seçki qutusundan çıxan səslər arasında olan uyğunsuzluqlar, ailəvi səsvermə, seçici siyahılarında eyni imzaların təkrarlanması, seçki kabinəsində həddən artıq canfəşanlıqla köməklik göstərilməsi…».


Müşahidə Missiyasının rəhbərinin diqqətini qanun pozuntuları ilə yanaşı, qadın namizədlərin azlığı da cəlb edib. Bu seçkilərdə 4525 namizəddən 239-u qadın olub. Xanım Sfirloaqaya görə, bununla gender balansı pozulub.


Müşahidə Missiyası Azərbaycanı yerli demokratiya və yerli hakimiyyətlərlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır: «Əslində, dinamik seçki kampaniyası təzahürlərinin az olması, əsas müxalifət partiyalarının seçkiyə qatılmaması, səsvermədə iştirakın hələ də zəif olması onu nümayiş etdirir ki, Azərbaycanda tam və real yerli demokratiya hələ də siyasi prioritetlərdən birinə çevrilməyib» -- deyə bəyanatda bildirilir.


2004-cü ildə olduğu kimi, Konqresin nümayəndə heyəti yenə də bələdiyyələrin səlahiyyət və məsuliyyətinin tam tanınmasının zəruriliyini qeyd edir.


Müşahidə Missiyası seçkilərlə bağlı hesabat hazırlayacaq. Həmin sənədin noyabrın ortalarında hökumətə təqdim ediləcəyi deyilir.


Mərkəzi Seçki Komissiyasından isə bildirirlər ki, seçkilər demokratik və şəffaf keçirilib. Qanun pozuntuları ilə bağlı onlara cəmi iki şikayət daxil olub. Onlar da MSK-nın müdaxiləsindən sonra həll olunub.