"Filmlərin dublyajı acınacaqlı vəziyyətdədir"

Afaq Məsud

-

“Dublyajımız göz qabağındadır. Yöndəmsiz, gülüş doğuran tərcümə ifadələri xalqın dillər əzbərinə çevrilib. Bütün bunlar ölkəmizdə hərəkətdə olan total dil aşınması prosesindən xəbər verir”.

Bunu Nazirlər Kabinetinin yanında Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsud deyir.

"Bu barədə, yəni dublyaj sahəsində yaşanan acınacaqlı durumla bağlı mənim bir məqaləm də var, hələ çapa verməmişəm. Orda söhbət Şekspirin “Hamlet” əsəri əsasında çəkilmiş filmin dublyajından, Hamletin, Ofeliyanın, eləcə də əsərin digər obrazlarının dialoqlarının nə Şekspirə, nə ədəbiyyata dəxli olmayan, bəzən ümumiyyətlə, Azərbaycan dilində olmayan naqis tərcümə mətnindən gedir.

Bundan da bərbad mənzərə bizim bədii tərcümə sahəsində yaşanmaqdadır. Burda elə hallara rast gəlinir ki…

Məsələn, Sinkler Lüis kimi dünya şöhrətli yazıçının adı Azərbaycan dilinə Lüis Sinkler kimi tərcümə və nəşr edilir. Bu, Nizami Gəncəvini Gəncəvi Nizami, Aleksandr Puşkini Puşkin Aleksandr, yaxud, Frans Kafkanı Kafka Frans kimi təqdim etmək qədər yolverilməzdir və yüzdən çox ölkəni təmsil edən səfirliklərin, beynəlxalq qurumların diqqət mərkəzində olan məmləkətimizin maarif imicinə zərbədir. Yaxud bədii tərcümə ilə məşğul olan nəşriyyatlarımızın ortaya çıxardıqları kitabların keyfiyyəti ilə yox, kəmiyyəti ilə qürurlanması.

Və ən pisi, tərcümə peşəkarlığı meyarının həmin bu nəşriyyatlar, özəl tərcümə mərkəzləri tərəfindən heçə endirilməsi, bədii tərcümə kimi ciddi söz sənətinin – səhifəyə 3, 4, 5 manat müqabilində qiymətləndirilməsidir. Məlum məsələdir ki, bədii tərcümə ilə məşğul olan peşəkar heç bir vəchlə belə şərtlərlə işləməz. Belə olan halda, işə ucuz qazanc əldə etmək həvəsiylə istənilən mətni tərcümə etməyə hazır olan həvəskarlar yarayır. Və nəticə göz qabağındadır. Tərcümənin bu sahəsi üzrə nəzərdə tutulan tədbirlər barədə, tərcümə və tərcüməçilik peşəsinə dair, dediyim müvafiq normativ sənədlər qüvvəyə minəndən sonra danışmaq olar".

“Aydın yol” qəzetinə istinadla OxuZalı