Gəncədə Cavad xanın geyiminə irad bildirən rəssam

Sizin brauzer HTML5-i dəstəkləmir

Gəncədə Cavad xanın geyiminə irad bildirən rəssam

-

Rəssamın yaradıcı fırçası, tarixi bilikləri və hər iki amildən yaranan kitab illustrasiyası inciləri...

Gəncəli rəssam Sadiq Hüseynov 40 dan çox illustrasiya əsəsrlərinin müəllifidir.

Danışır ki, kitab illustrasiyası incəsənətin tarixi baxımdan ən önəmli informasiya daşıyıcısıdır. Rəssam ilk əsərindən danışır:

“AXISKA TÜRKÜNÜN MİLLİ GEYİMİNİ ÇƏKDİM”

“Mən Axıska türkünün milli geyimini çəkdim. Fantaziya ilə. Düşündüm ki, məntiqlə fikirləşərək bunu edə bilsəm, digər türk dünyasına aid şəkilləri də çəkə biləcəm. Onlar elə bir yerdə yaşayırlar ki, həm gürcü mədəniyyəti, həm də türk mədəniyyəti daşıyıcısıdır”.

İxtisasca tətbiqi incəsənətə yiyələnən Sadiq Gəncəli şərqşunaslığı da öyrənir. O indi Gəncə şəhər Mədəniyyət İdarəsinin incəsənət şöbəsində çalışır. Deyir ki, aldığı 50 manat maaşla nəyinki boya alıb rəsm çəkmək, heç yol xərclərini belə ödəyə bilmir:

“MƏDƏNİYYƏT İDARƏSİNDƏ 50 MANAT MAAŞ ALIRAM”

Rəssam Sadiq Hüseynov

“Bir müddət çəkdim. Maddi vəziyyətim ağırlaşdı deyə bu işlərə son qoydum. 20 manat pul edir tək boya. Mənim maaşım isə azdır.

Mədəniyyət idarəsində 50 manat maaş alıram. Suyun üzündə qalmağa yetmir. Emalatxana olmalıdır. Mən yerpulu verməməliyəm. Mən mağaza saxlamıram ki? Türkiyədə incəsənət adamları bütün vergilərdən azaddırlar. O qədər çətinliklə qarşılaşırıq ki, sənətdən uzaqlaşırsan”.

Rəssam tarixi əsərlər də yazıb. Onlarla əsərləri, novellaları və romanları var. Ancaq özünün dili ilə desək hamısı əlyazma kimi kağız üstə qalıb. Dərc etdirmək üçün vəsait tapa bilmir:

PULSUZLUQDAN ƏSƏRLƏRİNİ ÇAP ETDİRƏ BİLMİR...

Kitab illustrasiyalarında həm geyimi, həm personajları, həm də xarakterlərini göstərmək vacibdir

“Kitab illustrasiyalarında həm geyimi, həm personajları, həm də xarakterlərini göstərmək vacibdir. Məsələn Bəyazidi ağ paltarda çəkmişəm.

9 novelladan ibarət roman yazmışam. Personalar 16-cı əsrin qəhrəmanlarıdır. O vaxtın dili ilə bir xalqın nümayəndəsi danışır.

Məsələn, Nəsiminin vaxtında “haqq” demirdilər “həqq” deyirdilər. Hətta bu xırdalığı belə nəzərə almışam. Adı belədir “9 mücrünün inciləri”.

Dərc etdirə bilmədim. “Gəncəbasar” qəzeti çıxanda təqdim edirdim ora. Hekayə, roman həm ağlatmalıdır, həm güldürməlidir. Həm də ən ağır faciə komediya janrını seçmişəm. Romanlarımı heç olmasa teatrlarda səhnələşdirmək üçün çox yerə müraciət eləmişəm. Aldadıblar, ya da imkan verməyiblər. Dövlət strukturuna müraciət etmişəm, amma süni növbə var”.

O, Cavad xanın da illustrasiyasını yaradıb. Rəssam Gəncədə Cavad xan filminin çəkilişləri zamanı Cavad xanın geyiminə də öz iradını bildirib.

CAVAD XAN FİLMİNƏ İRADLARI...

“Filmin çəkilişləri vaxtı mən Sabir Rüstəmxanlıya (filmin ssenaristi) və rejissora (Rövşən Almuradlı) dedim ki, mən Gəncəliyəm. Cavad xan patronsuz çuxa geyinməyib . Bir adam dedi ki, yox, o vaxt tüfəng yox idi. Həmin adam film üçün geyimləri tikirdi. Ssenari güclü olsa da xırda detallara fikir verilməyibsə o film uğurlu deyil”.

1 otaqlı darısqal evində Sadiq Gəncəli özünə kiçik bir köşə yaradıb. Bu köşədə həm tarixi romanlar yazır, həm də kitab illustrasiyası çəkir. Bu sənətkarlığın dəyərli inciləri isə işıq üzü görmədən elə kağız üzərindəcə qalır.