-
- Dəymə oğluma. Qoy nə istəyir etsin, bir də onun işinə qarışsan, səni doğrayaram, ətindən də dönər düzəldib küçədəki itlərə yedirərəm...
Yeqzar Cəfərli
ONUN ÜRƏYİ...
(Axır həftələrdə OxuZalına göndərilmiş hekayələr arasından seçilərək çap edilir)
Tibb bacısı mənə yaxınlaşan kimi xəstənin vəziyyəti ilə maraqlandım. Onu maşınla vurub qaçan əclafın insanlıq damarı azca da olsa oyanmamışdı, heç maraqlanmamışdı da xəstəylə.
Mən isə yoldan keçən biri olmağıma rəğmən, bir insanın qan içində çabalamasına biganə qala bilməmişdim. İnsanlıq damarım şişib başım boyda olmuşdu.
Aydın adlı bir dükançı da sağ olsun, məni tək qoymadı, birtəhər yazığı qaldırdıq, 103 xidmətinə zəng vurub kömək çağırdıq, nəhayət bir-iki saatdan sonra təcili yardım maşını gəlib çıxdı. Onu xəstəxanaya apardıq.
Baş həkimin dediyinə görə, halı o qədər də ürəkaçan deyilmiş. Guya ki, yaşamağına ümid yoxuymuş. Bir az pis oldum. Desəm ki, bu ovqata tez-tez düşürəm, yalan olar. Çünki heç nəyi vecimə almamağa öyrəşmişdim.
Əsas məsələ bu bəd xəbəri onun ailəsinə çatdırmaq idi. Düşündüm ki, bu mənlik deyil, heç vaxt loxəbər olmağı xoşlamamışam. Dadıma Aydın əmi çata bilərdi. Onu qabağa verməyi düşündüm. Oturub onunla bu barədə ətraflı danışdım.
Oğlanın anasını tanıyırdım. Adını bilməsəm də, arada gəzən rəsmi və qeyri-rəsmi söhbətlərə görə, namuslu, başıağağı qadın imiş. Əri cavan vaxtı onu atıb gedibmiş. Özü də nəyin, nəyin... narkotikin, içkinin ucbatından. Qonşuluqdakı Məsmə xala danışırdı ki, kişi hər gün yazıq arvadı o ki var döyürmüş, hətta bir-iki dəfə araq butulkası ilə onun başını da yarıbmış. Ana isə azyaşlı oğlu Ayazın xatirinə buna dözürmüş.
Uşaq vaxtı hərəmiz bir şeylə oynamağı sevmişik. Məsələn, mən elektriklə oynayırdım. Bir-iki dəfə Allah üzümə baxmış, azca cərəyan vurmaqla canımı qurtara bilmişdim. Sonra Ayazın məşğuliyyəti haqda eşidəndə özümə şükür etdim. Ayaz da atasının sevimli əşyaları ilə oynayırmış. Araq butulkaları, narkotik avadanlıqları ilə vaxtını keçirirdi. Bir-iki dəfə anası bunları onun əlindən almağa cəhd etmişdisə də, atası ağzından vurmuşdu:
- Dəymə oğluma. Qoy nə istəyir etsin, bir də onun işinə qarışsan, səni doğrayaram, ətindən də dönər düzəldib küçədəki itlərə yedirərəm.
Yazıq arvad başını aşağı salır, heç nə demirdi. Kişi isə bunun sakit dayanmağından istifadə edib bir az da qızışırdı:
-Sən bilirsən o kimin oğludur. Mənim babam bəy olub, mülkləri olub, bağları olub...
Arvad isə aşkarda olmasa da, ürəyində mızıldanırdı:
-Nə olsun ki, baban bəy olub. Özün ki bir qəpiklik zibil deyilsən.
Kişi hiss edirdi ki arvad nəsə demək istəyir, amma demir, o saat hürkmüş at kimi kişnəməyə başlayırdı.
-Arvad, nə deyirsən aşkar de. Kişi sözü üzə deyər. Elə arvad da.
Uşağın əcaib oyuncaqları ananı narahat etsə də, bir tədbir görə bilmirdi. Elə hey o tükürpədən əşyaların, öz diliylə desək, zibillərin evdən rədd edilməsini istəyirdi. Amma qadın olduğu üçün zəif idi və bunu bacarmırdı. Bacara da bilməzdi. Kişisə az qalmışdı ki, arvadının alt paltarını da satıb narkotikə versin.
Artıq bu hadisələrdən 10 ilə yaxın bir zaman keçirdi. Ayaz böyük oğlan olmuşdu. Atası isə yatalaq xəstəliyi tapıb qalmışdı arvadının ümidinə. Ata-anasını söydüyü, başında butulka sındırdığı arvadı onu tək buraxmamışdı, necə lazımdısa baxırdı. Atanın xəstələnib yatağa düşməsilə heç də onun krallığının sona çatdığını zənn etməyin. Çünki yeni kral, yeni padşah peyda olmuşdu. Onun da adı bəlli ki, Ayaz idi. Necə deyərlər, atası gəzən ağacları balası budaq-budaq gəzər. Yeni kral atasından da dəli idi. Bütün günü içir, çəkir, qızlarla əylənirdi. Yazıq anasının cehizləri artıq yoxa çıxmışdı. Bir azdan heç yeməyə bir tikə çörək də tapa bilməyəcəkdi.
Anasının özü də bərk xəstələnmişdi. Öskürəndə boğazından qan gəlirdi. Bir-iki dəfə qardaş-bacıdan borc pul tapıb həkimə getmişdi, həkimsə dolayısı ilə ona ömrünün sonuna az qaldığını anlatmışdı.
Ananın da başqa analar kimi arzuları var idi. O da öz oğlunun səadətini, toyunu, düyününü görmək istəyirdi. Əslindəsə oğlu çoxdan evlənmişdi. Arvadı içki şüşələri, uşaqlarısa uyuşdurucu idi. Deyirlər, bədbəxtlik gələndə sellə gəlir. Doğrudan beləymiş. Mən bunu bu ailənin misalında daha aydın gördüm.
Ayazın bütün pis tərəflərindən danışdım. Adamın üstündə Allah var, gərək doğrusunu deyəsən. Ayaz sevgiyə, romantikaya dəhşət bağlı adam idi. Eynilə mənim kimi. Sevdiyi qız da var idi. Nə biləydim ki, filin qulaqları çoxdan yorğan olub üstümə ötrülüb. Bir müddət keçmiş eşitdim ki, Ayaz başqa birini sevir. Donub qaldım. Onun sevgiyə qiymət verən adam olduğunu düşünürdüm. Hər gün bir xəbər eşidirdim. Gah deyirdilər, onu sevir, gah deyirdilər bunu sevir. İki qızın ətrafında dövrə vururdu. Niyə məhz bu iki qız?
Qonşular soruşanda anası maraqlı cavablar verirdi:
-Ayazım hər gün oturub ağlayır. Hey fəryad qoparır, gah Sevinc deyir, gah Gülay deyir. Başa düşə bilmirəm, bu uşaq nə edir?!
Bütün bu söhbətlərdən sonra Ayaz tamam gözümdən düşdü. Əvvəl yenə cəhənnəmə, kipriklərimin üstündə dayanmışdı. Ona olan 5-10 qramlıq hörmətim də arada yox oldu. Özümü suçlamağa başlamışdım. Uyuşdurucu istifadə edən, içki içən bir adamdan bundan artıq nə gözləmək olardı?! Axı başqa bir deyim də var idi. Sevgi heç nəyə baxmır. Odur ki, Ayaz iki qız arasında qaldığı kimi mən də iki fikrin arasında qalmışdım.
Ayazı maşın vurmazdan bir həftə öncə anası vəfat edibmiş, Ayaz da bir az avara həyat sürəndən sonra axır ki, bir maşına tuş gəlib və maşın onu da anasının yanına göndərib. Atasının da taleyi naməlum qalıb.
Həkimlər heç bir ümidin qalmadığını qara zurna kimi dəqiqə başı qulağıma üfürürdülər.
Aydın əmiylə xəstəxanaya bir-iki gün də gedib gəldik. Sonda həkimlər dedi ki, daha əziyyət çəkib gəlməyinizə ehtiyac qalmadı. Dünyasını dəyişib. Açığı çox pis oldum. Bir az ümidim qalmışdı. “Bu ailəni bədbəxtlik nə pis yaxaladı” - deyə mızıldanırdım.
Onların heç kimləri olmadığı üçün Aydın əmi, sağ olsun, yasın bütün ağırlığını öz çiyinlərinə götürdü.
Ayazın yeddisinə bir-iki gün qalmışdı ki, telefonuma xəstəxanadan zəng gəldi. Arayan baş həkim idi, məni təcili xəstəxanaya çağırırdı. Tez əynimi geyinib xəstəxanaya yollandım. Bütün xəstəxana Ayazın meyitinin ətrafına toplaşmışdı.
Həkim bütün olanları ətraflı danışmağa başladı:
-Ayaz ölüm ayağında idi, artıq xilasına ümid yox idi. Elə bu vaxt bizə əkiz uşaqlar gətirdilər. Uşaqların ikisinin də təcili ürək köçürülməsinə ehtiyacı var idi. Ayazın qanını yoxladıq və onun ürəyini uşaqlardan birinə köçürməyə qərar verdik. “Bəs o biri uşaq?”-deyə soruşanda həkim cavab verdi ki, onun da ürəyini Ayazın ürəyiylə əvəzləyiblər.
Xəstəxananın darıxdırıcı həyətində dəli kimi dolaşa-dolaşa qalmışdım, baş həkimin “Ayazın iki ürəyi var imiş” sözləri çəkic kimi başıma döyülürdü.