Fərid Hüseyn: "Biz heç də cəzaverici qurum deyilik"

Fərid Hüseyn

-

"Nəzarət sözünü düzgün anlamayan bəzi mətbuat orqanlarının nümayəndələri Tərcümə Mərkəzini “cəzaverici” qurum kimi təqdim edirlər, halbuki Mərkəzin istəyi budur ki, Azərbaycanda tərcümə işi ən yüksək peşəkarlıqla həyata keçirilsin".

Bunu Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbuat katibi Fərid Hüseyn OxuZalına açıqlamasında deyir.

Bir müddət öncə Mərkəzin aparat rəhbəri Yaşar Əliyev bu qurumun gələcəkdə ölkədəki müstəqil nəşriyyatlarının işinə nəzarət etmək, nəşriyyatlara lisenziya vermək səlahiyyətlərinə sahib olacağını dilə gətirmişdi.

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlusa özəl nəşriyyatların fəaliyyətinə Tərcümə Mərkəzi tərəfindən nəzarət olunmasının "vətəndaşların Konstitusiya ilə təyin olunmuş məlumat almaq azadlığının pozulması anlamına gələcəyini" demişdi.

Fərid Hüseyn buna münasibət bildirərkən deyib:

“Biz Mərkəz olaraq Azərbaycan Respublikasının Konstitusiyasına zidd olan heç bir fəaliyyətlə məşğul deyilik və olmayacağıq da. Konstitusiyamızı hər zaman rəhbər tuturuq və bu belə də olacaq. Tərcümə Mərkəzi dövlətin tərcümə sahəsinə olan qayğısını həyata keçirir. Məsələni doğru anlamaq istəməyənlər indidən narahatlıq keçirməsinlər".

F.Hüseynin verdiyi məlumata görə, yeni yaranmış Mərkəz fəaliyyətini genişləndirir:

"Biz Mərkəz olaraq İstanbul Kitab Yarmarkasında müstəqil təşkilat kimi iştirak etdik. Yaxın günlərdə ardıcıl olaraq “Tərcümə Mərkəzinin Kitabları” seriyasından dəyərli əsərlər də çap olunacaq və növbəti il Mərkəz İstanbul Kitab Yarmarkasına daha nəfis tərtibatlı və seçilən nəşrlərlə qatılacaq".