Ermənistan Azərbaycandan daha çox «silahlanmış ölkə»dir

Ermənistan prezidenti Serzh Sarkisian Qarabağda Azərbaycan ordusu ilə üz-üzə səngərdə əli silahlı.

-

Bonn Beynəlxalq Konversiya Mərkəzinin qənaətinə görə Ermənistan əhalisinin sayı və ümumi daxili məhsulunun miqdarı ilə müqayisədə Avropanın ən çox silahlanmış ölkəsidir. Azərbaycan həmin göstəricilərinə görə siyahıda 10-cu sırada qərarlaşır.

Mərkəz hazırladığı “Qlobal Silahlanma İndeksi 2014” adlı hesabatında Mərkəz qeyd edir ki, 152 ölkəni əhatə edən bu indeks dövlətlərin 2013-cü il ərzində silah alınmasına yönəltdiyi xərclər əsasında tərtib edib.

Dekabrın 10-da yayılmış hesabatda qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinə görə üz-üzə dayanmış Ermənistan 2013-cü ildə silah almağa 427 milyon dollar (ÜDM-in 4%-i), Azərbaycan isə 3.4 milyard dollar (ÜDM-in 4.7%-i) xərcləyib.

Bundan başqa Ermənistanda əhalinin hər 1 000 nəfərindən 17.9 nəfəri əsgər, ya da yarımhərbi birləşmələrdə qulluq edən gərebçilərdir. Azərbaycanda isə bu göstərici hər 1 000 nəfərə 8.9 nəfərdir.

Əhalinin ümumi sayı, büdcənin səhiyyə xərcləri və başqa parametrlərlə ümumi müqayisədə Ermənistan Azərbaycandan daha çox silahlanmış ölkə hesab edilib. Baxmayaraq ki, neft zəngini Azərbaycan orduya son illər iri məbləğdə pullar xərcləyir: “Ordunun silahlarla təchizatında həm Azərbaycan, həm də Ermənistanda əsasən Rusiyadan asılıdırlar. Amma Azərbaycan təchizat mənbələrini müxtəlifləşdirməyə can atır. Bakı son illər Ukraynaya silah sifarişləri verib. Müasir silahlar alınması üçün Azərbaycanla Cənub Koreya arasında müzakirələr gedir.

Bununla yanaşı, Azərbaycan özünün də silah sənayesini inkişaf etdirməyə çalışır. Ölkə ordusunun silah təchizatında özünün istehsalı sahəsində ciddi uğurlar əldə etsə də hələlik yüksək texnologiyalar və ağır silahları xaricdən idxal etməyə möhtacdır.

Ermənistan da eyni strategiyanı həyata keçirməyə çalışsa da yaxın gələcəkdə bu ölkənin Rusiyadan silah asılılığını aradan qaldıra biləcəyi real görünmür.”
Hesabata görə 2009-2013-cü illər arasında NATO üzvü olan Avropa ölkələrinin silah təchizatına xərcləri 9 milyard dollardan çox azalıb. Amma hələ də Yunanıstan, Türkiyə, Bolqarıstan kimi ölkələr silaha ən çox pul xərcləyən dövlətlərdir.