AŞPA prezidenti vəkil Xalid Bağırovun məsələsindən danışdı

Anne Brasseur

“İlqar Məmmədovun vəkilinə təzyiq qəbuledilməzdir.”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Anne Brasseur vəkil Xalid Bağırovun vəkillikdən kənarlaşdırılması məsələsinə münasibət bildirib.

Xanım Brasseur-ün yaydığı bəyanatda deyilir:

“Bu gün öyrəndim ki, vətəndaş cəmiyyəti fəalı İlqar Məmmədovun vəkili Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verilib. Azərbaycanda insan haqları müdafiəçilərinin getdikcə daha çox qorxudulduğu bir vaxtda, vətəndaş cəmiyyəti fəallarını müdafiə edən müstəqil vəkillərə belə açıq təzyiq qəbuledilməzdir”.

“Fürsətdən istifadə edib cənab Məmmədovun həbsdə qalmasına diqqət yönəltmək istəyirəm. Avropa İnsan Haqları Məhkəməsinin onun barəsində son qərarında deyilir ki, onun saxlanması Avropa İnsan Haqları Konvensiyasının standartlarına ziddir. Ona görə də, bir daha Azərbaycan hakimiyyətini dərhal cənab Məmmədovu azad etməyə və vətəndaş cəmiyyəti fəallarını və onların vəkillərini hədəfə almaqdan çəkinməyə səsləyirəm”.

Vəkillər Kollegiyası vəkil Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsinə dair məhkəməyə müraciət edib. Vəkil məqsədin onu susdurmaq olduğunu düşünür. Xalid Bağırov daha çox siyasi məhbusların vəkili kimi tanınır.