«BP-Azerbaijan» gələn il gözlənilən ixtisarlara münasibət bildirib

-

BP şirkətindən «APA-Economics»in sorğusuna cavab kimi bildiriblər ki, BP-nin Azərbaycanda icraçısı olduğu layihələr uzun-müddətli layihələrdir:

«BP bu layihələrlə bağlı öhdəliklərinə sadiqdir və onlara əməl etməkdə davam edəcək. Bu layihələr uğurla irəliləyir və bundan sonra da planlara uyğun şəkildə davam edəcək».

Məlumatda bildirilir ki, indiki mühitdə şirkət rəqabət qabiliyyətliliyi və səmərəliliyini artırmaq, lazımsız təşkilati çətinlikləri aradan qaldırmaq imkanlarına baxır. «Təbii, biznes fəaliyyətinin tələblərinə uyğun olaraq təşkilatımız daha sadə və səmərəli olmalıdır. Bu da bizim daha rəqabət qabiliyyətli olmağımızı təmin edəcək. Bununla belə əsas diqqətimiz biznesin əsas sahələrindən, əməyin təhlükəsizliyi, obyektlərimizin və əməliyyatlarımızın etibarlılığını təmin etmək məqsədlərində olacaq. », - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Böyük Britaniyanın «Guardian» qəzetinə müsahibəsində BP şirkətinin baş icraçı direktoru Bob Dadli bildirib ki, gələn il şirkət məcburi ixtisarlara 1 milyard dollar xərcləyəcək. İxtisarların aparılacağı ölkələr arasında Azərbaycan da göstərilib. Məcburi ixtisarlara əsas səbəb kimi neftin kəskin ucuzlaşması göstərilir.