«Beynəlxalq dairələrdə Dağlıq Qarabağ münaqişəsinin həllində fərqli imkan yarandığı barədə fikirlər var».
ABŞ-dakı Harvard Universitetinin Xəzər Araşdırmalar Mərkəzinin direktoru Brenda Şaffer Azadlıq radiosuna müsahibəsində belə deyib.
Xanım Şaffer bu günlərdə Vaşinqtonda, Brüsseldə bir sıra rəsmilərlə görüşdən sonra bu qənaətə gəlib.
Brenda Şafferə görə, görüşdüyü rəsmilər bu münaqişənin həllinə indi əvvəlki illərdən daha nikbin yanaşdıqlarını deyiblər. Amma xanım Şaffer onu da əlavə edir ki, sülh danışıqlarında keçmişdə də indikinə oxşar məqamlar olub. Məsələn, Ki-Uestdə də bu cür vəziyyət yaranmışdı, sonradan danışıqlar pozuldu.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri oktyabrın 6-da Moskvada görüşüb, ayın sonunda isə onların Parisdə daha bir görüşü planlaşdırılır. Azərbaycan XİN Moskva görüşünün nəticələrini ehtiyatlı nikbinliklə qiymətləndirmişdi.
Brenda Şaffer sülh danışıqlarının formatını dəyişməyin mühüm olmadığını deyir, çünki münaqişənin həllində çox şey Bakı və Yerevandan, bir az da Rusiya və Vaşinqtondan asılı olacaq.
Harvard Universitetinin Xəzər Araşdırmalar Mərkəzinin direktoru Brenda Şaffer deyir ki, müharibə şəraitində olan istənilən ölkə mütləq prioritetlərini müəyyənləşdirib bəzi güzəştlərə də getməlidir. Torpaqların hamısını qaytarmaq, həm də müharibəsiz qaytarmaq, iqtisadi yüksəlişə nail olmaq, qaçqınları öz evlərinə qaytarmaq – bütün bunların hamısını eyni vaxtda əldə etmək mümkün deyil.