Rüstəm İbrahimov: «Leyla xanım,... mən xəcalət çəkirəm»

Rüstəm İbrahimov

-

Məşhur yazıçı və kinodramaturq Leyla Yunusu doğum günü münasibəti ilə təbrik edib:

«Hörmətli Leyla xanım, doğum gününüzü təbrik edərkən, xəcalət çəkirəm. Utanıram ki, doğum gününüzü belə qorxunc şəraitdə qarşılayırsınız. Bir halda ki bu baş verib, ölkəyə görə, bizim ziyalılara görə, özümə görə utanıram. Ürəyim sızıldaya-sızıldaya ailənizin başına açılan oyunları izləyir, sizi məhkəməyə çəkənlərin daşürəkliyinə mat qalıram. Hakimiyyətə belə kölə itaətini kim aşılayıb onlara?!

Mən sizin atanızı, milli kino istehsalının banilərindən birini – Teymur müəllimi tanıyırdım; o zamandan 50 il ötsə də, ovaxtkı kinematoqraf mühitinin ümumi fonunda diqqət çəkən bu əsl ziyalının sima və davranışlarını yaxşı xatırlayıram. O nadir görüşlərimizdə bənzər özəllikləri sizdə də görmüşəm. Və əminəm ki, siz duruş gətirəcəksiniz – vicdan və ədalət məhkəməsinin qanunlarını nə qədər qaba tapdalasalar da. Və ona da inanıram ki, ailəcə hələ çox doğum günü keçirəcək, Azərbaycandakı və ordan uzaqdakı sizi sevən və sizə sayqı duyan insanları sevindirəcəksiniz.

Təbrikimin sizə çatacağına ümid edirəm. Bu təbrik minlərlə insanın, fikrən də olsa, sizi düşündüyünün təsdiqidir.

Rüstəm İbrahimbəyov».

İyulun 30-da həbs edilən Leyla Yunus dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunur.

Leyla Yunus Azərbaycan Xalq Cəbhəsinin və Sosial Demokrat Partiyasının qurucularından olub. 1992-1993-cü illərdə Müdafiə Nazirliyinin mətbuat xidmətinə rəhbərlik edib. 1994-cü ildən Sülh və Demokratiya İnstitutunun rəhbəridir.