Nərmin Kamal. Azərbaycanlıların izaholunmaz çörək sevgisi

Nərmin Kamal

-

Parisdə yaşayan Sabina xanım deyir: “Bu fransızlar necə qansız adamlardır, ya v şoke! Çörəyə zibil deyirlər!..”

Nərmin Kamal

ÇÖRƏYİ ZİBİLƏ ATAN FRANSIZLAR...

Gün gəlir, çörək tapmaq əzabı qurtarır, çörəkpulu insanların başından tökülür, ancaq bu səfər də çörək, çörəyin özü əl çəkmir, əzab verməkdə davam edir biz yazıq azərbaycanlılara.

Əgər heç kəs bu barədə danışmırsa, onda qoyun mən danışım.

Bir az xırda məsələdir, böyük deyil. O biri tərəfdən baxanda böyük də demək olar. Bir az gülməli məsələdir.

Məsələn, mən təzə-təzə buna gülərdim, ələ salardım. Ancaq o biri tərəfdən baxanda heç də gülməli deyil. Ən yaxşısı, danışım, özünüz deyin.

Xaricdə yaşayan xeyli azərbaycanlı bu problemlə üzbəüz qalıb, çıxış yolu tapa bilmirlər.

Buna görə yerli xalqlarla münaqişəyə düşürlər, cərimə ödəyirlər. Ancaq yenə də məsələ həll olunmur.

Deməli, Avropa, Amerika kimi mədəni qitələrdə yaşayan azərbaycanlıların çoxu bilmir ki, süfrələrindən artıq qalan quru və yaxud da xarab olmuş çörəkləri neynəsinlər, hansı küncə qoysun, hardan assınlar. Zibilqabına atmaq qətiyyən istəmirlər!

Parisdə yaşayan Sabina xanım deyir: “Bu fransızlar necə qansız adamlardır, ya v şoke! Çörəyə zibil deyirlər!..”

Heç demə, Sabina xanım quru, kifsəmiş çörəkləri sellofan torbada asırmış zibilqabının kənarından! Zibilçilər başa düşə bilmirmiş nə deməkdir bu, həftədə iki-üç dəfə təkrarlanan bu ritualın mənası nədir. Sonra izə düşüblər. Sabina xanımın qapısına kağız yapışdırıblar. Kağızda yazıblar ki, zibili zibilqabının içərisinə atın, kənarından asmayın. “...Bunlar çörəyə zibil deyirlər! Axı biz çörəyi necə zibilliyə ata bilərik?!”

Romada yaşayan Orxan bəyə isə çörək lap betər əziyyət verir. Bir az bel ağrısı var Orxan bəyin. Roma şəhərində axşamlar gəzintiyə çıxır hava almağa. Görür, o küçədə yerə bir dilim çörək düşüb, bu küçədə bir parça çörəyi yerə atıblar. Orxan bəy beli ağrısa da, əyilib götürür. Ancaq onun bir sualı var. Deyir: “Mən fikir verirəm, bunlar həmişə çörəyi yerə atırlar. Ancaq başa düşə billmirəm, necə olur ki, yaxşı da yaşayırlar, çörək də tapırlar, pulları da çoxdur!”

Londona bu yaxınlarda Bakıdan bir ailə köçüb. Ramil bəylə Ramilə xanım. “Siz artıq çörəklərinizi neynirsiniz?” – Ramil bəy azərbaycanlı kişilərdən, Ramilə xanım azərbaycanlı qadınlardan soruşur. “Hara atırsınız, hara qoyursunuz, hardan asırsınız?”

Samirə xanım cavab verir: “Biz birinci gələndə quru çörəkləri sellofanın içində dəhlizin küncünə qoyurduq. Ürəyimiz gəlmirdi zibilqabına atmağa. Sonra dəhlizə yazıb yapışdırdılar ki, bura zibil qoymayın. Sonra pəncərələrin kənarına düzməyə başladıq. Bizi cərimə elədilər. Yaxşı, bəs biz neynəyək? Məsələn, siz neynirsiniz, Nərmin xanım?”

Deyirəm, biz Polşa çörəyi alırıq, o da elə yaxşı çörəkdir ki, ondan heç artıq qalmır. Birdən çaşıb qalanda da atıram zibilqabına.

İndi danışa-danışa bir daha fikirləşdim, həqiqətən də, çox ciddi məsələdir. İnsanlar iztirab çəkirlər, dəyərləri ayaq altına düşür, özlərini pis hiss edirlər.

İngilis, fransız başa düşə bilmir söhbətin nədən getdiyini: “Niyə zibilqabının kənarından asırsınız, dəhlizin küncünə qoyursan, pəncərələrin kənarına düzürsünüz? Axı onları da axırda zibilçi gəlib atacaq zibilqabına!”

Yox, yox, azərbaycanlılar istəyirlər ki, onları mal-heyvan, toyuq-cücə saxlayanlar gəlib aparsınlar!

Amma axı burda elə şey yoxdur, ümumiyyətlə, elə bir anlayış yoxdur. Mal-heyvan, toyuq-cücə saxlayan oturub əyalətdə fermasında. Yem alıb verir toyuqlarına.

Əslinə qalsa, azərbaycanlılar bunu çox gözəl bilirlər. Bilirlər ki, Parisdə, Londonda quru çörək yığıb kisəsini 1 manata fermalara satmaq yoxdur. Heç kəsin heyvanı küçələrdən yığılıb yemə qatılan quru çörəklə yaşamır. Amma çörəyi küncə-bucağa qoyanda, zibilqabıdan asanda azərbaycanlılar heç sonrasını, quru çörəyin ondan sonrakı səyahətini heç düşünmürlər. Sadəcə, həlledici anda ürəkləri gəlmir çörəyi zibilliyə atmağa. Çörəyin onların gözlərini kor edəcəyinə inanırlar. Sən məni zibilqabının içinə atdın? Yaxşı, görərsən!

Sual isə açıq qalır. Niyə məhz çörək? Niyə pomidor yox, çörək?! Axı hər ikisi yeməkdir. Pomidoru, duzu, şəkəri, unu, südü zibilliyə atırsan, ancaq çörəyi olmaz.

Çox kasıb xalq olmuşuq. Çörək ilk və son yeməyimiz olub. Elə kasıb xalqlar var ki allah onlara çörəkdən başqa heç bir cilddə görünə bilmir, - Mahatma Qandinin dediyi kimi olmuşuq.İngilis-fransız başa düşə bilmir. Niyə əti atmaq olar, soğanı, kartofu, düyünü, yağı, pendiri, göyərtini zibilqabına atırsınız, amma çörəyi olmaz?!

Çox çətin məsələdir. Gün gəlir, çörək tapmaq əzabı qurtarır, çörəkpulu başından tökülür, dünyanın ən zəngin şəhərlərində kef içində yaşayırsan. Ancaq bu səfər də çörək, çörəyin özü əl çəkmir, əzab verməkdə davam edir biz yazıq azərbaycanlılara.

Hans Feldmann adlı bir rəssam var. O, çörəyi sərgi salonunda nümayiş etdirir. Ağ çörək, qara çörək, içi ovulmuş çörək qabığı... Müxtəlif vaxtlarda iki sərgidə qarşıma çıxıb onun əsərləri. “Bir dilim çörək” adıyla İstanbul biennalesində, “Dilimlənmiş çörək” adıyla London Serpentine qalereyasında.

Sərgi pavilyonlarında cürbəcür millətlər dayanıb onun “Bir dilim çörək” əsərinə tamaşa edirlər. Uzun-uzadı. Bu xalqlardan bəzilərinin belə ata sözləri var: “İki çörəyin varsa, birini sat, çiçək al”, çinlilərin.

Bəzi xalqlarınsa əksinə: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik, - işi bacaranına tapşır.”

Gündə evdə gördüyümüz çörəyi sərgi salonunda görəndə bizim beynimizdə nə baş verir? Biz niyə o qədər yubanırıq? Sanki ilk dəfə görürük çörəyi.

“Özümüzü hər hansı başqa məqsəd güdmədən incəsənət əsərinə həsr edəndə, bütünlüklə o əsərə qapılanda “das Ding an sich”-ə (“özündəşey”ə) yaxınlaşırıq”, - böyük filosof İ.Kant yazırdı. Kant “özündəşey”in nə insan ağlıyla, nə də duyğularıyla dərk oluna biləcəyini yazandan sonra elmin, fəlsəfənin və gündəlik həyatın qarşısında incəsənətin üstünlüyünü göstərib bu cümləsilə.

Çörəyi yeyib unudardım, əgər başıma daha bir əhvalat gəlməsəydi.

***

Anne Rosenthal. Bir neçə ay bundan əvvəl bu qadını özümə müəllim tutdum. Müəllim həftədə bir dəfə evimə gələcək, ingiliscə yazdığım yazıları bədii redaktə edəcək və hər bir redaktənin səbəbini mənə izah edəcək, bu dili ana dilim qədər hiss etməyimə, ədəbiyyat dilimə çevirməyimə kömək olacaqdı. Mən xalis ingilis müəllim axtarırdım, çünki həm dil onun ana-baba dili olmalı, həm də milli hissiyyat, mədəniyyət haqda söhbətlərimiz olmalıydı. Budur, Anne Rosenthal “Axtardığın adam mənəm” demişdi.

Qısa müddətdə çox sevdim bu qadını. Gəncliyində universitet təhsilini incəsənət üzrə almış, öz dilindən əlavə, fransız, ispan dillərini bilən, altı il Yaponiyada ingilis dili müəllimi işləmiş bu qadının özü öz yerində, oğlu bir başqa aləmdir. Fars, puştu, dari dilləri üzrə tərcüməçi olan bir ingilis oğlan. Müəllimim hərdən mənə mövzu verir. Deyir ki, sən hicab geyinən qadının fiziki hisslərindən bir yazı yazsan maraqlı olar. Parça onun sifətinə sürtünəndə nə hisslər keçirir, istini, soyuğu necə hiss edir.

O gələn günlər qabaqcadan şirniyyat alıb çay süfrəsi açıram. Bir gün yumru-yumru şirin çörəklər aldım. Gəldi, dərs başladı, mən çay süzüb şirinçörəkləri süfrəyə qoydum. O, çörəkləri görən kimi həyəcanlandı, dedi: “Bunlar yəhudilərin şirinçörəyidir! Atam bunları çox sevərdi. Atam yəhudi idi.”

“Çox gözəl”, - mən də bir çörək götürüb dişlədim.

“Müharibə vaxtı o da, polyak anam da bura qaçıb sığınıblar, məni burda dünyaya gətiriblər. Mən bu şirinçörəklə böyümüşəm...”

Artıq heç bir əhəmiyyəti yoxdur, ancaq onun balaca sirrini başqa bir şey deyil, çörək açmışdı. Onu həyəcan çörəyə görə bürümüşdü.

Siz də onun kimisiniz. Yerdə ət, soğan, kartof, düyü, yağ, pendir, göyərti, alma görsəz, götürüb kənara qoymazsınız, ancaq çörək görəndə həyəcanlanırsız, əyilirsiz, öpürsünüz, alnınıza aparırsınız, kənara qoyursunuz.

Nədir, nədir çörəklə insanlıq arasındakı bu məhəbbətin sirri?!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)