Prosesdən yazan jurnalistlərin fəaliyyəti məhdudlaşdırıldı

Məhkəməyə gəlməyəcəyini bəyan etsə də, Hacı Məmmədov prosesdə iştirak edir

Hacı Məmmədovun məhkəməsindən yazan jurnalistlərin fəaliyyətinə qoyulan məhdudiyyətlər artırılıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin oktyabrın 16-da çıxartdığı qərardada əsasən, bundan sonra jurnalistlər prosesdən stenoqram şəklində materiallar hazırlamamalıdırlar. Çoxsaylı qətllər və adam oğurluqlarında ittiham edilən Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onunla əlbirlikdə ittiham edilən 26 nəfərin məhkəməsini media diqqətlə izləyir. Bu prosesdə hüquq-mühafizə orqanlarının ayrı-ayrı yüksək rütbəli rəhbərlərinə qarşı səslənən ifadələr prosesə diqqəti daha da artırıb.

Bu il iyulun 24-də başlanan məhkəmədə indiyə qədər jurnalistlərə çəkiliş və ya səs yazmağa 5 dəqiqə vaxt verilir. Yazılı mətbuata isə yalnız qeydlər götürməyə icazə verilir. İndisə məhkəmənin bütün nüanslarını çalışdığı KİV-də qeyd edən jurnalistlərin bundan sonra məhkəmə zalına buraxılması sual altına düşə bilər. Dövlət ittihamçısı Abdulla Yusifov deyir ki, prosesdə verilən sual-cavabların olduğu kimi qəzetlərdə dərc olunması şahidlərin sonradan məhkəməyə necə ifadə verməyi əvvəlcədən müəyyənləşdirməsinə imkan yaradır. Bu isə qanunvericiliyin tələblərinə ziddir: «Cinayət Prosessual Məcəllənin 328-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, şahidlər bir-birindən ayrılıqda dindirilir və dindirilməmiş şahidlərin bir-biri ilə ünsiyyətdə olmasına yol verilmir».


Cənab Yusifov bildirir ki, hakimin bu qərarı jurnalistlərin hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmamalıdır.


Məhkəmədə iştirak edən «Yeni Müsavat» qəzetinin müxbiri Elşad Məmmədlinin fikrincə isə, bu qərar müəyyən mənada mətbuata senzura cəhdidir.


Bu iş üzrə ittiham edilən DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılov da açıq məhkəmə prosesində jurnalistlərin fəaliyyətinə məhdudiyyətlər qoyulmasını ən azı təəccüblü hal sayır. Vəkil düşünür ki, əslində, dövlət ittihamçısı məhkəmə prosesindən verilən informasiyalardan yox, geniş təhlillərdən narahatdır.


Hazırda prosesdə Zakir Nəsirov ifadə verir.


Ötən dəfəki iclasda bundan sonra məhkəməyə gəlməyəcəyini bəyan etməsinə baxmayaraq, Hacı Məmmədov məhkəmədə iştirak edir.


DİN Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər ötən ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.