Hakerlər cihada müharibə elan ediblər

İnternetdə “Anonymous” adı ilə tanınan hakerlər qrupu Fransada “Charlie Hebdo” satirik jurnalında törədilmiş qətllərin qisasını cihadçı saytlara hücumlarla alacağını bəyan edib.

“Anonymous” qrupunun internetdə yaydığı videoda deyilir ki, “ifadə azadlığı qeyri-insani basqına” məruz qalıb.

Qrup bu videonu tvitter vasitəsilə yayıb.

Videonun başlığında “əl-Qaeda, İslam Dövləti və başqa terrorçulara mesaj” yazılıb və video qrupun Belçikadakı hesabından yüklənib.

Videoklipdə qrupun simvolik qiyafəsi olan Guy Fawkes maskası geyinmiş şəxs “Charlie Hebdo əməliyyatının” təfərrüatlarını izah edir.

Videoda səsi dəyişdirilmiş fiqur “Biz sizə müharibə elan edirik, terrorçular” deyir.

Bəyanatda bildirlir ki, haker qrupu sosial şəbəkələrdə, cihadçı və terrorçu şəxslərə və qruplaşmalara aid hesablara hücumlar edəcək və bu hesabları bağlayacaq.

Videoda həmçinin Paris terror aktları zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verilir.

“Anonymous” qrupu müxtəlif fəal və hakerlərdən ibarətdir və demokratiyanın müdafiəçisi olduğunu iddia edir.

Bu qrup keçmişlərdə bir sıra hökumətlərin, dini qrup və şirkətlərin saytlarına haker hücumları edib.