Neft ixrac edən ölkələrin təşkilatı olan OPEK oktyabrın 19-da Qatarda keçirilən fövqəladə sessiyasında noyabrın 1-dən etibarən neft istehsalını gündə 1,2 milyon barel azaltmağı qərara alıb. İndiyə qədər OPEK gündə 27,5 milyon barel neft ixrac edirdi. Təşkilatın son toplantısında səslənən fikirlərə görə, qurum neft hasilatını daha 500 min barel azaltmağı planlaşdırır. Belə bir qərar təşkilatın bu ilin dekabrında Nigeriyanın Abuja şəhərində keçiriləcək toplantısında qəbul oluna bilər.
«Turan-enerji» məcmuəsinin redaktoru İlham Şabanın sözlərinə görə, hazırda Azərbaycan gündə 600 min barel neft hasil edir: «OPEK-in bu qərarından sonra Azərbaycanın ixracı artırması gözlənilən deyil. Çünki, Azərbaycanın neft hasilatı 2008-ci ildən sonra 1 milyon bareli ötə bilər». Cənab Şaban deyir ki, bu qərardan sonra yaxın vaxtlarda neftin qiymətində elə də ciddi dəyişiklik gözlənilmir.