Qazaxıstanda yerli və türkiyəli fəhlələr arasında savaşda 140-a yaxın adam yaralanıb

Qazaxıstanda yerli və türkiyəli fəhlələr arasında baş verən savaşda 140-a yaxın adam yaralanıb. Xəzər dənizi sahilindəki Aturay şəhərindəki bu toqquşmada yaralananlardan 7-ni xəstəxanaya aparmaq lazım olub.


Aturay prokurorluğunun məlumatına görə, bu fəhlələr «Tengizşevroyl» birgə müəssisəsi üçün zavodun tikintisində çalışırdılar.


«Tengizşevroyl»un yaydığı bəyanatda isə hadisənin istintaqı aparılan müddətdə tikinti yerinin bağlı qalacağı bildirilib. Prokurorluq hesab edir ki, şirkətin yeməkxanasında qazax fəhlə növbəsiz irəli keçməyə çalışanda münaqişə yaranıb. Bir neçə saat davam edən dava-dalaş zamanı bir neçə maşının da yandırıldığı xəbər verilir.