“Əgər Allaha lazımdırsa, mən üçüncü dünya müharibəsindən qorxmuram”

Vaqif Səmədoğlu, 2014

-

"Mitinqlər vaxtı mən də istədim ki, Xəlil Rza, Bəxtiyar Vahabzadə kimi patriotik şeirlər yazıb mitinqdə oxuyum, ancaq alınmadı"

"Ta qədim çağlardan bəri şair həmişə sülhə çağırıb. Nə olsun? Tolstoyun “Hərb və sülh”ündən sonra yer üzündə iki dünya müharibəsi olub".

Vaqif Səmədoğlu ilə müsahibə

- Vaqif bəy, bu gün özünüzü zamanın, tarixin harasında görürsünüz – azad, demokratik dünyanın astanasındamı, yoxsa qiyamət günü ərəfəsindəmi?

- Bir azərbaycanlı kimi özümü demokratik yol tuta biləcək bir dövlətin vətəndaşı yerində hiss eləyirəm. Ancaq bəşər övladı kimi, şəksiz-şübhəsiz, özümü – Allah eləsin, mən yanılım! – qiyamət günü astanasında, daha dəqiq desəm, üçüncü dünya müharibəsi ərəfəsində hiss eləyirəm.

- Elə isə ortaya belə bir sual çıxır ki, siyasi azadlıq, demokratiya bəşəriyyətə nə verəcək?

- Səhv eləmirəmsə, Çörçilin sözüdür: demokratiya çox axmaq şeydi, ancaq insan hələ bundan yaxşısını fikirləşməyib... 1989-91-ci il mitinqlərində bizim birimiz də xalqa demədik ki, azadlıq bolluq, çörək demək deyil, azadlıq xoşbəxtlik deyil, iş görmək üçün meydandır. Totalitar rejimdə səni başqası qul eləyirdisə, azadlıqda sən özün öz qulunsan. Ümumiyyətlə, azadlıq, demokratiya haqqında XX əsrin sonunda danışmaq, mənə elə gəlir, predmetsiz söhbətdir...

- Ziyalıların hərəkatda iştirakı haqqında bir ara çox danışırdılar...

- Bax, bu sualı mənə çox veriblər, demişəm, yenə deyirəm: mən 1989-91-ci il mitinqlərində aktiv iştirak etməmişəm. Hərəkat deyiləndə, söz yox ki, ilk növbədə Azərbaycan Xalq Cəbhəsi nəzərdə tutulur. Və AXC rəhbərliyinin 90 faizi ziyalılar idi.

Əbülfəz Elçibəy, 17 noyabr 1989

Xalq hərəkatında ziyalıların iştirak eləmədiyini ancaq ziyalının nə olduğunu bilməyən nadan deyə bilər. Ziyalı deyəndə nədənsə hamının gözü qabağına yazıçı, şair gəlir. Əbülfəz Elçibəy, İsa Qəmbər ziyalı deyillər? Nemət Pənahov idi, o da sonradan məlum oldu ki, şeir yazır, özünü də Azərbaycanda bir nömrəli ziyalı sayır...

- Şairlər var ki, bir il çap olunmayanda, özlərini yada salmayanda unudulmaq qorxusu canlarını alır. Məlumdur ki, siz çap olunmamaqdan qorxmayanların sırasındasınız. Mətbuatdan gen gəzdiyiniz illərdə unudulmaqdan qorxmursunuzmu və ümumiyyətlə, unudulmaq faciədirmi?

- Unudulmaq, yəqin ki, kimi üçünsə faciədir, kimi üçün də yox. Gözəl bir aktrisa yaşa dolduqca unudulanda yəqin bu, ondan ötrü faciəyə çevrilir. Ancaq yazıçı üçün unudulmaq nə bir mənəvi, nə də fizioloji faciə ola bilməz. Mənim yerimə bir başqası indi özünü bəlkə də dissident kimi qələmə verərdi. Mən özüm çap olunmamışam. Əvvəlcədən bilmişəm ki, bunu çap eləməzlər, ona görə də aparmamışam, yəni passiv dissident olmuşam.

Şübhəsiz, çap olunası şeirlər də yaza bilərdim. Ancaq o cür yazmamağımı da qəhrəmanlıq kimi qələmə verə bilmərəm. Məsələn, mitinqlər vaxtı mən də istədim ki, Xəlil Rza, Bəxtiyar Vahabzadə kimi patriotik şeirlər yazıb mitinqdə oxuyum, ancaq alınmadı. Yəni burada heç bir konyunktura ola bilməzdi. Mən millət haqqında, azadlıq haqqında istədiyim şeiri yazmaq istəyirdim, yaza bilmədim. Texniki cəhətdən alınmadı, mənim mövzum deyil.

- Şair dünyanın gedişatına təsir eləyə bilərmi?

- Heç vaxt! Dünyanın gedişinə, çərxi-fələyin dönüşünə şair, təəssüf ki, heç vaxt təsir göstərə bilmir. Ta qədim çağlardan bəri şair həmişə sülhə çağırıb. Nə olsun? Tolstoyun “Hərb və sülh”ündən sonra yer üzündə iki dünya müharibəsi olub.

Lev Tolstoy

- Bəlkə şair “strateji məqsədlər” daşıyıcısıdır, yəni şairin təsiri daha uzaq zaman üçün nəzərdə tutulub?

- Nə bilim, əgər bu gün gələcəyin özü şübhə altına alınmasaydı, mən bəlkə də sizinlə razılaşardım. Ancaq elə bir vaxt gələ bilər ki, şairin təsir edə biləcəyi bir şey qalmaz yer üzərində. Yəni insan qalmaz. Ancaq mən tamamilə səmimi deyirəm: əgər Allaha, təbiətə bu lazımdırsa, mən heç üçüncü dünya müharibəsindən də qorxmuram.

- Sizcə, bu, hətta Allaha da lazım ola bilər?

- Mən Allahı təkcə xeyir kimi qəbul eləmirəm. Bu dünyada nə varsa – xeyir də, şər də – hamısı Allahdandır. Allahın xeyirinə də qurban olum, şərinə də. Heç bir dəxli yoxdur. Dinlər Allaha inamda ayrı-seçkilik yaradır. Yer üzündə bir din olsaydı, bəlkə insanlığa daha asan başa gələrdi, heç olmasa, səlib yürüşləri olmazdı. Ancaq bunlar daha geniş söhbətin mövzusudur...

- Axı siz niyə belə bədbinsiniz? Bəlkə sizi Allaha inananların yox, Allahından əlini üzənlərin, Tanrıdan küsənlərin cərgəsinə qatmaq daha düzgün olardı?

- Siz axı niyə səmimi etirafı Allahdan küsmək kimi başa düşürsünüz! Allahdan mən niyə küsürəm ki, əstəğfürullah! Sadəcə, Allahı istədiyiniz kimi yox, olduğu kimi qəbul eləmək lazımdır.

- Vaqif bəy, onda belə çıxmırmı ki, Allahın xeyirindən də, şərindən də razı qalan Vaqif Səmədoğlunun Allahın şərinə qarşı çıxıb hərəkata qoşulmağı, mitinqlərə qatılmağı qeyri-səmimi imiş?

- Yox, burda söhbət qeyri-səmimilikdən yox, şəxsiyyətin ikiləşməsindən, üçləşməsindən... gedə bilər. Bax, Konqo Müller adlı bir adam olub, Konqodakı legionerlər ordusunda divizion komandiri imiş. 50-ci illərdə Almaniya televiziyası özünün xəbəri olmadan bundan müsahibə götürüb. Özünün iyrənc əməllərini etiraf eləyən bu adam insan kəllələrini qaynatmağından, qaynadıb qurudub, sonra da nəsə səpib kiçiltməyindən danışırmış. Eyni zamanda, bu adam Motsartın kvartetlərinin kolleksiyasını toplayırmış...

- Və bu adam hər iki halda səmimidir?

- Əlbəttə! Baxmayaraq ki, bu iki fakt bir-birini dəhşətli dərəcədə inkar edir. Çoxlu belə misallar gətirmək olar. Bəzi qəddar despotların ailədə, dostları arasında mülayim, qətiyyətsiz olması haqqında faktlar da var.

- Şübhəsiz, bunlar insanın ikili təbiətindən doğan cəhətlərdir. Ancaq adamın özünün qondarması da var axı...

- Mən səmimi insandan danışıram.

- Bugünkü Azərbaycanda kimi özünüzdən yaxşı şair hesab eləyirsiniz?

Ramiz Rövşən

- Heç kimi. Şeir yazanda isə nəinki Azərbaycanda, ümumiyyətlə, bütün dünya ədəbiyyatı tarixində özümü ən böyük şair sayıram. Bir də ki, ədəbiyyatı yarışa çevirmək düzgün deyil. Mənim sevdiyim və sevmədiyim şairlər var. O ki qaldı Azərbaycan ədəbiyyatına, deyə bilərəm ki, Ramiz Rövşəni çox sevirəm. Qabilin son dövrlərdə yazdığı şeirlər məni tamamilə təmin edir. Məmməd Arazda, Bəxtiyarda, Vaqif Cəbrayılzadədə sevdiyim şeirlər var.

- Cavanları necə, oxuyursuz?

- Cavanları əsasən “Yol” qəzetində oxuyuram.

- Hər hansı labüd və ya gözlənməz təhlükədən Azərbaycanı qorumaq üçün neyləmək lazımdır?

- Bosniyadan, Əfqanıstandan, Afrikadan belə çoxalmaqda olan lokal ocaqlar, Allah eləməsin, gözlənmədən birləşib dünya müharibəsi törədə bilər. Bu müharibə, əlbəttə, Şərqin xeyrinə olmaz. Biz hələ Çin faktorunu unutmuşuq, fikrimiz ancaq Ermənistanda, Rusiyada və Qərbdədir. Bu ölkə özünün kəmiyyət möhtəşəmliyi, nüvə bazası ilə bir gün partlaya bilər.

O ki qaldı Azərbaycana, bu şəraitdə bütün dünya bilməlidir ki, Azərbaycanın ölümə gedən ordusu var və buna nəyin bahasına olursa olsun, nail olmaq lazımdır. Azərbaycan yaşamaq istəyirsə, indidən Ermənistanla müharibə apara-apara gələcək müharibələrə hazırlaşmalıdır.

- Sizcə, belə müharibələr labüddür?

- Azərbaycanı irəlidə hələ bir neçə müharibə gözləyir... Və Ermənistanla müharibədə biz dəhşətli pedaqoji səhvə yol veririk. Hər yanda deyirik ki, biz erməni faşizminə, erməni xəyanətinə, erməni riyakarlığına qarşı vuruşuruq. Erməni xəyanəti olduğu kimi azərbaycanlı xəyanəti, fransız riyakarlığı, rus ikiüzlülüyü də var. Bunlar ümuminsani keyfiyyətlərdir. Əslində isə bizi erməni yalanından çox erməni səmimiyyəti qorxutmalıdır.

Zori Balayan

Bu səmimiyyət bizim üçün daha təhlükəlidir. Ter-petrosyanlar, balayanlar çox yaxşı bilirlər ki, erməni xalqı nədir, Ermənistanın sərhədi haradan keçir. Ancaq körpəsindən tutmuş ucqar bir kənddə əkin-biçinlə məşğul olan qocasınacan erməni kütləsi tamamilə səmimi inanır ki, Qarabağ, Azərbaycan onun torpağıdır. Və təhlükəli olan Zori Balayanın yalanı deyil, səkkiz yaşlı erməni balasının o yalana səmimi olaraq inanmasıdır. Yəqin ki, Azərbaycan təbliğat maşınını dəyişməlidir. Biz ilk növbədə o səmimiyyəti qırmalıyıq.

- Bu yöndə Azərbaycanın bugünkü təbliğat üslubu əslində antitəbliğat deyilmi?

- Burada adamların səviyyəsini də unutmaq olmaz. O şey ki sizə antitəbliğat kimi görünür, inandırıram sizi, bəlkə də minlərlə adam bunu normal qəbul edir, bundan kömək alır. Müharibə aparan dövlətdə hər cür təbliğat olmalıdır. Əsgər var onu “vətən, vətən” deyib cəbhəyə göndərmək olar, əsgər də var cibinə pul basıb göndərərsən. Hansı yol qələbəyə aparırsa, o yoldan çəkinmək olmaz. Təbliğat şəraitə hesablanmalı, adamların təbiətini nəzərə almalıdır...

- Allaha bir sual verməli olsaydınız, nə soruşardınız?

- “Var”san, ya “Yox”?

- Getdiniz, gördünüz ki, O var. Bəs onda?

- Onda soruşardım ki, əgər dünyanı belə yaratmısansa, de görək səni kim yaradıb?.. 1963-cü ildə yazdığım “Şəffaf balıq” poemasında belə bir misra var: “Allah insan ağzıyla deyir yoxam...”

- Bütün bunlar absurddur.

- Hə, ancaq məntiqli absurddur.

- Siz bunun məntiq olduğuna inanırsınız?

- Əlbəttə.

Söhbəti Fəxri Uğurlu yazdı

21 aprel 1994-cü il, “525-ci qəzet”