Oktyabrın 21-də Ramazan bayramı münasibətilə əfv olunanlar arasında böhtan atmaqda təqsirləndirilərək 1 il azadlıqdan məhrum edilən «Böyük Millət» qəzetinin baş redaktoru Samir Adıgözəlli və şərəf və ləyaqətin təhqir olunmasında ittiham edilərək 1 il həbs cəzası alan «Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli də var.
Çoxsaylı müraciətlərə baxmayaraq, narkotik maddə saxlamaqda ittiham olunaraq 3 il azadlıqdan məhrum edilən «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun adı əfv siyahısında yoxdur.
ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Haraşti oktyabrın 9-da prezident İlham Əliyevlə görüşündə həbs edilən jurnalistlərin əfv oluna biləcəyi ilə bağlı prezidentlə razılıq əldə edildiyini bilmişdi. Mətbuat Şurasının sədri Əflatun Amaşov da həbsdə olan jurnalistlərin əfv edilməsiylə bağlı prezident İlham Əliyevə müraciət etmişdi.
Bundan əvvəl Azərbaycanda sonuncu əfv fərmanı bu il yanvarın 19-da verilib. Dövlət başçısının həmin fərmanı ilə 95 məhbus azadlığa buraxılmışdı.