Hakim İntiqam Əliyevin dəmir barmaqlıqlardan çıxarılmasına qərar verdi

İntiqam Əliyev

-

Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi İntiqam Əliyevin bundan əvvəl verdiyi və təmin edilməyən vəsatəti yerinə yetirilib. O, dəmir barmaqlılar arasından çıxarılıb. Hakimin bu qərarı zaldakıların alqışı ilə qarşılanıb.

Məhkəmədə daha çox adamın iştirak edə bilməsi üçün proses əvvəlkindən daha iri zala keçirilib.

Prosesdə vəkillər bir neçə vəsatət qaldırıb. Onların arasında İntiqam Əliyevin təcridxanadan məhkəməyə gətirilməsi şəraitinin dəyişdirilməsi, bəzi sənədlərin sübutlar siyahısından çıxarılması da var. Vəkillər prosesdə audio-video çəkilişin aparılması ilə bağlı da vəsatət qaldırdılar.

Proses fasilədən sonra davam edəcək.

İ.Əliyev 2014-cü ilin avqustunda həbs olunub. O, vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham olunur.

«Amnesty International» İ.Əliyevi «vicdan məhbusu» kimi tanıyıb.