700-dən artıq işıq effektli, adamsız, oturacaqsız...

«Haradan gedim, necə keçim?».

-

... Əlində əsa, səliqəli geyinmiş qoca yolun bu üzündən yeni açılmış fəvvarələrə sarı baxıb «gözəldir, halal olsun, vallah» deyirdi. Ancaq parka keçməyə yol tapmayanda çaşıb qaldı. Neyləsə də, hər iki tərəfdən maşın yoluyla əhatələnmiş parka gedə bilmirdi. Ona məsləhət verənlər də oldu. Dedilər ki, «keçiddən keç». Ancaq keçiddən sonra belə, yenə aramsız şütüyən maşınları gözləməli, maşın yolunu keçməli olacaqdı. Bayaqkı alqışları qocanın dodaqlarında dondu:

«Haradan gedim, necə keçim? Gərək maşınları gözləyim. Daha bu nə oldu?».

KEYFİYYƏTLİ PLİTƏLƏR...

Xətai rayonundakı bu park yenidənqurmadan sonra bir neçə gündür açılıb.

Fevralın 4-də prezident İlham Əliyev də bura baş çəkmişdi. Rəsmi məlumatda deyilir ki, «uzunluğu 150 metr olan kompleks ən müasir tələblər səviyyəsində qurulub. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yaradılıb. Müxtəlifrəngli 700-dən artıq işıq effekti fəvvarələrə xüsusi yaraşıq verəcək».

Məlumatda o da qeyd olunur ki, kompleks paytaxtda və ölkədə həyata keçirilən abadlıq və quruculuq işlərinin davamıdır: «Kompleksdə müasir işıqlandırma sistemi qurulub, yeni yaşıllıq zolağı salınıb, abadlıq işləri aparılıb, əraziyə keyfiyyətli plitələr döşənib».

Parkda fəvvarə

Ərazidə hələ də plitə vuran fəhlələrə rast görmək olur. Plitələrin keyfiyyətini isə zaman göstərəcək, belə ki, əksər parklarda plitələrin bir neçə ay sonra təzələnməsi bir ənənəyə çevrilib.

... QANAD TAXMAQ

Maşın yolunun o tayındakı fəvvarələrə həsrətlə baxanlar ora çatmağın yollarını arayırlar:

«Park salınıb, ancaq keçmək mümkün deyil. Özü də maşının gur yeridir. Sağdan da maşın gəlir, soldan da. Adam bura qorxa-qorxa girir. Ancaq maşınla keçənlər baxıb feyzyab olurlar».

«Yola görə keçmək olmur. Yəqin, kənardan baxmaq üçündür. Gərək o tərəfə keçib keçiddən gedəsən. Ancaq elə də olmayacaq. Çünki keçiddən sonra da maşın yolunu keçməlisən».

Qadınlardan biri, deyəsən, çıxış yolu tapır: «Yəqin qanad taxmalıyam... Fontan böyükdür, özü də intensiv hərəkət yoludur. Başqa cür mümkün deyil».

Başqa bir sakin isə deyir ki, elə uzaqdan baxmaqla kifayətlənəcək: «Hələ gedə bilməmişəm. Elə burdan baxıram».

Adamsız, skamyasız park bərq vurur.

Digəri maşınların gözündən oğurlanıb keçməyi məsləhət görür: «Gərək fırlanasan, yol tərəfdən daha rahat olar. Svetoforu gözləyəsən gərək»…

YOXA ÇIXAN OTURACAQLAR

Bu park illərdir salınıb. Kiçik fəvvarələri olan parkda əvvəllər daş oturacaqlar da vardı, indi yoxdur. Risk edib parka keçənlər bir az gəzəndən sonra skamya axtarsalar da, tapmırlar:

«Elə yaradıblar ki, burda ancaq gəzmək olur, oturmaq olmur».

«Qəşəng parkdır, ancaq əvvəl burda skamyalar vardı, indi yoxdur».

Hava qaralanda park işçiləri işıqlandırma sistemini işə salır. Adamsız, skamyasız park bərq vurur.

Park işçiləri də bu məkana girməyin çətinliyini etiraf edir. Oturacaqlar haqqında isə deyirlər ki, «yoxdur, ancaq gətirəcəklər. Təzə açılıb axı»...

Əvvəldən bu ərazidə olan daş lövhə isə indi də qalır. Lövhədə yazılıb ki, 1988-ci ildə Leninakanda (indiki Gümrü-red.) zəlzələ qurbanlarına köməyə gedərkən qəzaya uğrayanlara burada abidə qoyulacaq. Nə vaxt qoyulacaq, yazılmayıb...