Azərbaycanlı qızın Asiya sərgüzəştləri

Nailə Axundova

-

Nailə yenə də Asiya ölkələrini gəzir. Hərdən «Facebook» sosial şəbəkəsində gəzdiyi-gördüyü-yaşadığı yerlərdən, anlardan fotolar, statuslar paylaşır. Xoşbəxt görünür, çiynindən həyat yükünü atmış kimi görünür.

Maraqlı, dəli-dolu həyatın var-dövlətdən, eyş-işrətdən, pul-paradan, geyim-keçimdən, qızıl-gümüşdən keçmədiyini özünə sübut edib Nailə.

AzadlıqRadiosunun müxbirləri onunla o, hələ Bakıda olarkən görüşüb söhbət etmişdi. Bir azərbaycanlı qızın Himalay dağının zirvəsinə can atmasının sirri nədədir? Müasir sivilizasiyadan, komfort həyatdan uzaqlar niyə ona bu qədər xoş gəlir?

Nailə Axundova AzadlıqRadiosunun suallarını cavablandırır:

- Nailə, azərbaycanlılar daha çox Avropaya səfər edirlər, Asiya ideyası haradan yarandı? Özü də turist kimi yox, məhz səyyah kimi.

- Asiya mənə həmişə maraqlı gəlirdi, iki həftəlik məzuniyyət günlərində bu ölkələrə getsən, nə görəcəksən? Heç nə. Həyatımda elə bir məqam yarandı ki, işdən çıxdım, pulum da yox idi. Oktyabr yaxınlaşırdı, soyuqlar düşürdü. Düşündüm, bir halda ki, məni saxlayan heç nə yoxdur, niyə burda qalım? Rəfiqəm Nepalda yaşayırdı, məni yanına çağırdı, getdim. Beləcə, səyyahlığım başladı. 6 aylığına getmişdim, amma bu səfərim il yarım çəkdi. Əslində, məni özünə çəkən Himalay idi.

- Himalay zirvəsini fəth etmək asan olmazdı, yəqin...

- Əlbəttə, asan deyildi. Mən bu səfərə bir müddət hazırlaşdım. Yəni çoxlu oxudum ki, yolda nələr lazım gələ bilər, bilənlərdən soruşdum. Amma öyrənmək, oxumaq başqa, bunu yaşamaq bir başqa. Məsələn, Himalaya gedəndə ilk iki gün qalmağa yer tapmadım. Bütün çətinliyə baxmayaraq, dəniz səviyyəsindən 5 min 400 metr yüksəkliyə qalxa bildim.

Myanmada rahiblər.

- Nepalda diqqətinizi nə çəkdi?

- Daha çox aqrar ölkədir, əhali həddindən artıq kasıb yaşayır. Qışda, demək olar ki, işıqolmur. Nepal kəndlərində sakinlər elə aşağı həyat şərtləri altında yaşayır ki! Amma bu, onlara əzab vermir, hətta normal görünür. Məsələn, evlər heç nə ilə isidilmir. Temperatur mənfiyə qədər düşüb, amma evlərdə isidicilər yoxdur. Biz qonaq evində qalırdıq. Turistlərin yemək yediyi otaqda ortalıqda bir soba qoyulmuşdu. Amma heç bu soba da isinməyə kömək etmirdi. Hamı yeməyə gödəkcədə, paltoda otururdu. Yataq otaqları da bum-buz olurdu. Qaldığım otaqda temperatur -1, -2 olurdu, səhərə yaxın -9-a qədər düşürdü. Hər şey donurdu, heç nəyə toxunmaq mümkün deyildi.

- Kəndləri ilə şəhərləri arasında fərq varmı?

- Çox fərq var idi. Şəhərlərdə Avropa həyat tərzinə rast gələrdin, amma kəndlərdə yox. Hətta kəndlərdə adamlar ənənəyə, 200-300 il əvvələ uyğun geyinirdilər. Bir dəfə Nepalda dağa qalxanda yağışa düşdüm, gecələmək üçün dayandığım kənddə ikicə ev var idi. Evdə nə işıq, nə yatacaq vardı. Tualet heyvan saxlanan yerdə idi. Qalacağım otağa qalxmaq üçün mənə bir lampa verdilər, sonra da gəlib aldılar ki, evdə başqa lampa yoxdur, onlarsa yemək bişirməlidirlər. Ev yiyəsinin oğlu haradasa elektrik stansiyasında işləyirdi, hər gün bir neçə saat piyada işə gedib-gəlirdi. Məlum oldu ki, onda da eynilə məndəki kimi smartfon var, internetə girir, kompüter-mobil telefon texnologiyasından baş çıxarır. Bu, mənə qəribə gəlmişdi, yaşamaq üçün adicə şəraitləri yoxdur, amma yüksək texnologiyalı telefonları var.

- Bəs yemək?

- Qonaq evlərində qalmaq ucuz idi. Gedib desən ki, iki gün orda yeyəcəksən, gecəni orda qalmaq pulsuz ola bilərdi. Çünki yemək çox baha idi. 3 min metr yüksəklikdə heç nə bitmir, amma ərazilərdə yaşayış var. Sakinlər aşağı yerlədən aldıqları ərzağı əllərində daşıyırlar. İnək saxlaya bilmirlər, toyuq heç görmədim. Kiçik kəndlərdir. 3 min metrlikdən yüksəklikdə heç yaşayış da yoxdur. Nepalda qaldığımız qonaq evinin sahibi qəribə yeməklər bişirirdi. Məsələn, şorba hazırlayırdı: suyun içinə 2-3 diş sarımsağı əzib tökürdü, bir az da un. Vəssalam, bu da olurdu yemək. Ancaq sizə deyim, elə dadlı idi ki... Qayıdandan sonra dostlarım uçun də bişirdim bunu. Asiya ölkələrində hər şey yeyirlər. Amma sənin hər zaman seçimin olur. Hindistanda dadlı yeməklər var, ancaq çox acıdır. Dəniz, okean kənarlarında ucuz balıq yeməkləri yeyə bilərsən. Tailandda əsas yemək düyüdür. Balidə düyü ilə yanaşı, kokosdur. Həşəratları Laos, Tailandın Çinlə sərhəd ərazilərində yeyirlər. Laosda yeməyə heç nə yoxdur, ona görə də daha çox həşərat yeyirlər, siçovul da yeyirlər. Küçədə qablaşdırılmış paketlərdə həşərat satırlar. Mən də dadına baxdım, deyim, çox dadlı idi, ya dadsız, düz olmaz. Adicə yeməkdir. Laosda, elə bil, qədim dövrə düşürsən, həm də mənə elə gəldi ki, tənbəl xalqdır laoslular, işləməyi sevmirlər. Balidə isə hər şey var, hətta tərxun, reyhan da var. Balidə qalanda bazardan ərzaq alıb bişirirdim, Bakıdan da gələnlər özləri ilə nə isə gətirirdilər.

Myanmada bayram.

- Turist çoxdurmu?

- Çoxdur, bəlkə elə kəndlər də turistlərə görə qalıb. Dağa yuxarı qalxdıqca, qiymət də bahalaşır. Dolanışıqları da turistlərə xidmətdən çıxır.

- Məktəblər var idi?

- Himalayın ətəklərində yerləşən bir kənddə gördüm. 6-7 uşaq vardı, bir müəllim idi. İngilis dilində bilirdi. Uşaqların nə dəftəri, nə kitabı vardı. Heç necə dərc keçirdilər, bilmirdim. Həmin kənddə rusdilli turist qrupu ilə rastlaşdım. Onlara qoşulub qonaq evinə getdik. 6 nəfər axşam və səhər yeməyi yeyəndən sonra hesabı ödəmək istədik. Ev sahibi 6 nəfərin pulunu hesablaya bilmirdi, axırda məcbur olub o müəllimi çağırdı. Müəllim mənə təklif etdi ki, bu kəndə gəlib müəllim kimi işləyim. Amma dedi ki, mən işləmək üçün bu məktəbə pul ödəməliyəm. Öyrəndim ki, İspaniyadan, Rusiyadan, İngiltərədən, Ukraynadan könüllülər gəlib bu məktəbdə dərs deyiblər. Qəribə adətləri vardı, könüllü kimi işləmək istəsən, qalmaq pulunu da, yemək pulunu da özün ödəməlisən, üstəlik, müəllimə də sənin hesabına dolanacaq və bunun üçün heç kəs sənə əməkhaqqı verməyəcək. Həmin kənd dəniz səviyyəsindən 3 min 500 metr yüksəklikdə yerləşirdi.

- Başqa adətlərini də gördünüz?

- Himalaya iki dəfə qalxmışam. Birinci dəfə 10 gün qaldım. Həmin vaxt kəndlərin birində yerli mərasimlə rastlaşdım. İşıq bayramı keçirirdilər. Kənddə işıq yoxdur. Adamlar tonqal qalayır, şam yandırırdılar, küçələrdə rəqs edirdilər. Nepalda adamlardan çəkinmirdin, amma məsələn, Hindistanda adamlara qarşı münasibət bir az fərqli idi.

- Bəs dil problemi yaşamırdınız?

Nailə Axundova

- Bir az ingilis dilini öyrənmişdim, yerlilər də ingilis dilini az-çox bilirlər. Turistlər o qədər çoxdurlar, məcburdurlar ki, ingilis dilini az da olsa, öyrənsinlər. Turistlərə müxtəlif xidmətlər var. Bələdçilikdən tutmuş onların əşyalarını daşımağa qədər. Hər turistin təxminən 10 kiloluq yükü olur. İki adam əşyalarını daşımaq üçün bir yerli seçir. Təsəvvür edin, arıq, çəlimsiz oğlan, qızlar 20-25 kiloluq yükü çox asanlıqla daşıyırlar. Özü də düz yerdə yox, nəzərə alın yüksəkliyə qalxırıq və getdikcə, nəfəs almaq çətinləşir.

- Bildiyim qədər, Himalay və Hindistanla kifayətlənməmisiniz...

- Elədir, Hindistandan sonra Tailanda, Kambocaya, Laosa, Birmaya, Malayziyaya, Baliyə, Vyetnama getdim. Tailandda daha çox oldum, çünki həm səfirliklər, həm də infrastruktur var idi. Birmada 1 ay, Balidə 2 ay qaldım. Çünki Balidə 2 ay qala bilərsən, sonra ölkədən çıxmalısan. Mən Rusiya vətəndaşıyam deyə, bəzi ölkələrə vizanı sərhəddə alırdım. Tailand, Malayziya, Laosa viza lazım deyil, Nepal, İndoneziyaya gedəndə isə gömrükdə 25 dollara viza alırsan. Birma və Çinə isə səfirliklərdə viza aldım.

- Adətən, pul və səyahət eşidirik, pulsuzluq və səyahət necə olur?

- Avropaya deyə bilmərəm, Asiya ölkələrinə səfər etmək səndən böyük maliyyə istəmir. Bakıda şəhərin mərkəzindəki evimi kirayə vermişdim. Oradan aldığım kirə haqqı məni orda dolandırırdı. Axı, adama nə lazımdı? Bir dəst geyim, bir qarın yemək. Bunu isə hər zaman tapırdın.

- Kəndləri necə seçirdiniz?

- Əvvəl necə gəldi, gedirdim. Səyyah kimi peşəkarlaşandan sonra internetdən axtarış edib gedəcəyim yerlər barədə oxuyurdum. Çalışırdım yerli bayramların keçirildiyi ərəfəyə düşsün səfərlərim.

Myanmada balıqçı

- Ayağınız elə yerə dəydimi ki, yerlilər ömürlərində yad adam görməyiblər?

- Çində belə bir yerə getdik, amma tək deyildim. Bir fotoqrafla tanış olmuşdum, o təklif etdi ki, belə bir kəndə gedək. Səyahətçilər üçün bir bələdçi kitabı var: «Lonely planet». Mən bunu «Turistlərin İncili» adlandırıram, səyahət edən ayağını bu bələdçidən kənara qoymur. Getdiyimiz kəndlərin adına bu bələdçidə rast gəlməzsən, yəni, səni orda nə gözləyəcək, tamam bixəbərsən, bəlkə də riskə gedirsən.

- Qadın üçün Asiya ölkələrinə səfər təhlükəli deyil?

- Heç bir təhlükəsi yoxdur. Hindistanla bağlı belə sualları tez-tez eşidirəm. Heç bir problemlə, təhlükə ilə üzləşmədim. Özü də səyahət edən çoxlu tənha qadınlarla üzləşdim. Üstəlik, qarşıma adamlar çıxdı ki, pulsuz-parasız ölkələr gəzirdilər. Yemək lazım olanda yerlilərdən istəyirdilər. Baxmayaraq ki, yerlilər çox kasıb idilər, qəribin uzanan əlini boş qaytarmırlar. Çox istiqanlıdırlar. Daha çox düyü yeyirlər.

- Bəs geyim?

- Geyimlər çox keyfiyyətsizdir, amma həm də çox ucuzdur. Məsələn, bir dollara bir şalvar alırdım, bir ay geyinirdim.

- Heybənizdə nə olurdu?

- İsti çəkmə. Onu Moskvadan baha qiymətə almışdım. Dağlarda çox dadıma çatırdı. Turistlər üçün yatacaq kisəsini özümlə daşıyırdım. Batareya, bıçaq, fənər, şampun, sabun və kamera. Bir də gedəcəyim yerə uyğun yüngül geyimlər atırdım heybəyə. Balidə gəzmədim, bir ev kirayələyib bir ay dincəldim. Bir il idi ki, dincəlmədən səyahət edirdim.

Myanmada uzun əsrlərdir sıldırımdan sallanan qızıl daş.

- Heç əlinizin dara düşdüyü oldumu?

- Bir neçə dəfə tamamilə pulsuz qaldım. İlk dəfələri həyəcanlanırdım, nə edəcəyimi bilmirdim. Amma sonralar çıxış yolu tapmağa başladım. Məsələn, gəlirdim bir qonaq evinə, deyirdim ki, iki gün qalacam, amma pulunu sonra verəcəyəm. Heç kəs bunu problem eləmirdi, deyirdilər, «nə qədər istəyirsən, qal». Məndə bank kartları var idi, amma bəzən pul çıxara bilmirdim.

- Sizin kimi səyahət etmək istəyənlərə məsləhətiniz nədir?

–Birinci, bu səyahətdən onlar nə görmək istəyirlər? Mən birinci dəfə səyahətə başlayanda nə istədiyimi bilmirdim. Amma artıq biləndə ki, sən konkret nə görmək istəyirsən, onda diqqətini bu istiqamətə cəmləşdirirsən və səyahət də maraqlı olur. Öyrənməkmi istəyirsən, şəkilmi çəkəcəksən, ya buddizmlə maraqlanırsan? Məsləhətim odur ki, səyahətinizin əsas məqsədini müəyyənləşdirəsiniz. Qorxmaq lazım deyil, heç nə planlaşdırmayın. Məsələn, artıq mənə Asiya ölkələrinin mədəniyyətləri maraqlı gəlir. Hindistanda olanda fotoqraflıq həvəsi oyandı. Bundan sonra gördüklərimə obyektivin gözü ilə baxmağa çalışdım. Çoxlu şəkillər çəkdim, hətta Bakıya qayıdanda sərgi də təşkil elədim.

- Nailə, deyirsiniz uzun illər iri bir şirkətdə dizayner işləmisiniz, parlaq, komfortlu həyat tərziniz olub. Bəs bütün bu həyat tərzindən əl çəkmək çətin deyildi?

- Çox adam üçün həyat tərzini dəyişmək çətindir. Söhbət edəndə görürəm. Amma mənim üçün problem olmadı. Məsələn, Birmada rahat idim, şəraitimdən narazılığım yox idi. Amma orda bir qız var idi, istirahətə gəlsə də, çox narazı idi. Deyirdi ki, pulu olsa da, istirahət edə bilmir. Şikayətlənirdi ki, səhər yeməyi zamanı qəhvə içmək istəyir, hətta pulunu ikiqat-üçqat ödəmək istəyir, amma yoxdur. Sizin pulunuz da olsa, Birmada komfort, isti su yoxdur. Orda qəhvə yoxdur, amma kafelərdə stolun üstündə pulsuz yaşıl çay var. Kim istəsə, oturub çay içə bilər. Yemək də eləcə... hər şey yoxdur, məsələn, şirniyyat, şokolad yoxdur.

- Yaşamaq üçün gəzdiyiniz ölkələrdən hansını seçərdiniz?

- Balini. Oranı çox bəyəndim. Yəqin ki, ora köçəcəyəm.