Ata, düzünü de, mən gözələmmi?..

Leyla Nana

-

Uşağının adına Facebook hesabı açıb "like" toplayan ata-ana əslində uşağına ən böyük pisliyi edir...

Leyla Nənə

Türkiyədən yazır

“QARA AYNA” UŞAQLARI

Əvvəl görək işin rəsmi tərəfi nədir:

"Zorakılıq, qəddarlıq təbliğ edən və ya erotika və pornoqrafiya mövzusunda olan, habelə uşaqların psixi və mənəvi inkişafına zərərli təsir göstərən filmlərin, ədəbiyyatların və digər vəsaitlərin uşaqlar arasında yayılması və nümayişi, habelə bunların hazırlanmasına uşaqların cəlb edilməsi qadağandır".

M a d d ə 11 . Uşağın tərbiyə almaq hüququ

Amma rəsmi tərəflə yanaşı bir də məsələnin əxlaqi, insan duyğularına buraxılan tərəfi var.

Keçən həftələrdə rəfiqələrim qohum uşaqlarının “Facebook”dakı "fəaliyyətlərindən" danışırdılar. Hələ ibtidai sinifdə oxuyan uşaqlara “Facebook”da açılan hesablardan və onların bu hesablardakı “macəralarından”.

Kimi uşağının dərslərindən aldığı qiymətləri, oxuduğu kitabları, kimisi də yediyi yeməyi "anam bu gün bunu bişirib" deyərək, Facebookda paylaşır.

Hələ uşağın körpəlik şəklini paylaşıb, "mən uşaqkən" (!) başlığı qoyan da var. Yazdığı statuslara gələn şərhlərə "o, sizin görən gözlərinizin gözəlliyidir", "çox minnətdarıq" tipli böyüksayağı cavablar da öz yerində.

Uşaqların "yazdığı" şərhlərə, "yaydığı" şəkillərə, "paylaşdığı" statuslarına onlarla “like” gəlir. Necə gəlməsin, uşağın bütün qohum-əqrabası Facebookdadır. Onlar və onların dostları uşağı dostluğa əlavə edib onu like-la, xoş sözlərlə təmin edirlər.

Öz uşaqlarını əlahiddə dahi, inanılmaz dərəcədə gözəl, ələdüşməz səviyyədə istedadlı bilib TV-lərin müsabiqə proqramlarına hazırlayan valideynlərin motivasiyasına bənzəmirmi bu sosial şəbəkə məşhurluğuna can atmaq? Həmin uşağın "paylaşımlarına", şəninə gələn “like” və təriflərin səhnədəki uşağın alqışlanmasından bir fərqi varmı? Bu kimi şeylər uşaqları şöhrətpərəst etmirmi, özünə inamını “like” və alqışın sayına görə formalaşdırmağa başlamırmı? "Əgər alqış çoxdursa, deməli, yaxşı iş görmüşəm. Alqış azdırsa, pis"...

Türkiyədə uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan bir vəkil 5-6 ay öncə, uşaqların mahnı müsabiqələrində iştirakına etiraz edərək belə bir açıqlama vermişdi: "Bu cür proqramların əngəllənməsi çox vacibdir. Bu cür proqramlarda uşaqların diqqətsizliyə və istismara məruz qaldığı açıq şəkildə görünür. Müsabiqələrdə uşaqlar mütəxəssislərin gözü önündə böyüklər kimi geyindirilir, makiyaj edilir, danışıq və davranış tərzləri ilə uşaqdan daha çox yetkin insan miniaturu halına gətirilir".

Üstəlik buna müsabiqələrdəki uşaqların proqram bitdikdən sonrakı psixoloji vəziyyəti də əlavə olunmalıdır. 6-7 ay səhnə işıqlarına, şöhrətə, alqışa öyrəşən uşaqlar, daha sonra digər yaşıdları kimi normal həyata başlayanda özlərini necə hiss edir?

Onların səhnədə olduqdan, məşhurluqları müqabilində rəğbət gördükdən sonra alqışların yoxa çıxdığı anda real "mən"lərinin məruz qaldığı travmanı sadəcə təsəvvür etməyə çalışın.

Bu kimi müsabiqələrdə, seriallarda tanınan uşaqlardan götürülən müsahibələrdə onlara verilən "Küçədə, məktəbdə səninlə necə davranırlar?" sualına uşaqlar bu cür cavab verir: "Müəlliməm "afərin" dedi. Küçədə görəndə gəlib öpürlər" və s. Ancaq bu “afərin” uşağın öz gördüyü, bacardığı işəmi görədir, yoxsa uşağın məsum görünüşündən və ani davranışının insanlara şirin görünməsindən sui-istifadə edərək reytinq qazanan proqramların “satış texnikası”namı görədir?

Bu satışın “istifadə müddəti” bitdikdən sonra isə uşaq özünü bacarıqsız, uğursuz kimi görür. "Çıxarıldımsa, deməli, uğursuzam" hissinə qapılır.

Ya da uşağın ətrafındakı dostları, alqışlanan, sürəkli təriflənən uşağı televizorda görən yaşıdları, məktəb yoldaşları özünü necə hiss edir? Bu cür proqramlarda bağça və məktəb yaşındaki uşaqların salondakı alqışlarla necə coşduğunu görmüşük. “Facebook”da məktəbli uşaq üçün açılan hesabın da bu cür müsabiqədən, orda qazanılan “like”ın da "müsabiqə şöhrəti"ndən fərqi yoxdur. Nəticə, təsir təxminən eynidir. Populyarlıq, alqış, şöhrət, özünə inam (sızlıq) və bunlar əsasında formalaşdırılan eqo.

Mövzu ilə bağlı, rejissoru J.Dayton və V.Faris olan "Balaca Günəş İşığım" (Little Miss Sunshine) filmi də var. Film, Hoover ailəsinin üzvlərinin həyatlarından bəhs edir.

Filmdə balaca Olive gözəllik müsabiqəsində iştirak etmək istəyir. Ailəsi bu istəyinə ciddi yanaşmasa da, sonda müsabiqəyə qəbul olunan Olive müsabiqənin keçirildiyi yerə getmək üçün yola çıxır. Olive o qədər həvəslidir ki, qalib olacağına az qala əmindir. Ancaq səhnənin parıltısı altında alqışlanan uşaqlardan, hər kəs tərəfindən gözəl qəbul edilən iştirakçılardan biri olmaq istərkən nəticə “uğursuz” olur – Olive, müsabiqəni qazana bilmir.

Olive-in müsabiqəyə hazırlaşması, həmişə onun haqqında danışması, televizor qarşısına keçərək məşqlər etməsi fonunda yaşanan “uğursuz sonluq” onun simasında bu cür müsabiqələrə göndərilən, ancaq 2-3 aylıq şöhrətdən sonra xəyal qırıqlığı yaşayan, özünə inamsızlıqları ilə normal həyata uyğunlaşa bilməyən bütün travmalı uşaqların hekayəsidir.

Filmdə Olive babası ilə söhbət edir və bu söhbətdən kiçik yaşlarından şöhrətlə tanış edilən uşaqların vəziyyəti aydın olur.

Olive gözəllik meyarı Barbie gəlincikləri olan müsabiqələrdə gördüyü uşaqlar kimi gözəl olduğuna şübhə etməyə başlayır və ağlaya-ağlaya babasından gözəl olub-olmadığını soruşur. (Ardı aşağıda)

Müsabiqələrdəki alqış, Facebookdakı “like” və gərəksiz təriflər də uşaqlara məhz bunu aşılayır: "gözəl, uğurlu olanlar müsabiqələrdə və göz qabağında olur. Əlbəttə ki, onlar həmişə alqış, tərif alır".

Bu isə əslində böyüklərdən kiçiklərə ötürülən travmanın izləridir. Belə ki, Olive`i müsabiqəyə aparmaq üçün yola çıxan ailə üzvlərinin hekayələri yol boyu ortaya çıxır.

Məsələn, Olive`i müsabiqədə iştirak etməyə təhrik edən babası narkotika aludəçisi və şorgözdür. Yaxud Nitşe pərəstişkarı olan qardaşı Dvayne pilot olmağı arzulayır və özünə söz verib ki, pilot olana kimi danışmayacaq. Amma daltonik olduğunu öyrənib xəyal qırıqlığı yaşayır.

M.Proust mütəxəssisi olan dayısı, işi cəmiyyətdə qarşılıq görmədiyi üçün dərin psixolojiq böhran yaşayır.

Münasibətləri yolunda olmayan, amma bunu danışaraq həll etməkdən qaçan ana və ata isə bu paslı zəncirin ən zəif bəndidir. Yəni film boyu bəlli olur ki, əslində, Olive-in ailəsindəki hər fərdin basdırdığı, gün işığından gizlətdiyi öz travmaları var və Olive-i müsabiqəyə apardıqları yol onlar üçün çözmədikləri həmin travmalardan, basdırdıqları uğursuzluqlardan növbəti qaçış yoludur.

P.S.: Keçən günlərdə uşaqlar barədə bir yazı oxudum. Orada deyilirdi ki, uşaqlar nəyisə bacaranda, edəndə ona "afərin" deməyin. Bunun yerinə gördüyü iş barədə deyin. Məsələn, "Kağızları necə səliqəli və ehtiyatla kəsdiyini gördüm. Təbrik edirəm" demək daha uyğundur. Çünki, siz uşağa “afərin” deyəndə o, etdiklərini sizdən "afərin" eşitmək üçün edəcək, motivasiyasının səbəbi özü, öz istəyi olmayacaq.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)