Tərcümə mükafatını tələbə qazandı

Qaliblər: sağdan sola: Əlizadə Nuri, Şərif Ağayar, Akif Əli, Təvəkkül Zeynallı, Şəfiqə Quliyeva

-

Bakıdakı “Excelsior” otelində Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin təsis etdiyi “Dəf(i)nə yarpağı” mükafatının təqdimetmə mərasimi keçilib.

Mərkəzin rəhbəri Afaq Məsud deyib ki, bu il birinci dəfə keçirilən tərcümə müsabiqəsində poeziya nominasiyasında birinci, ikinci və üçüncü yerlərə heç kimi layiq görməyiblər, yalnız həvəsləndirici mükafat nəzərdə tutulub.

Münsiflər heyətinin qərarı ilə poeziya tərcüməsi nominasiyasında həvəsləndirici mükafatı Əlizadə Nuri alıb, nəsr tərcüməsində isə I yerə Xarici Dillər Univerisitetinin dördüncü kurs tələbəsi Təvəkkül Zeynallı, II yerə tərcüməçi və yazar, Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri Akif Əli, III yerə isə yazar Şərif Ağayar layiq görülüb. Nəsr nominasiyası üzrə həvəsləndirici mükafatı Şəfiqə Quliyeva alıb.

I yer üçün mükafat fondu 3 min, II yer üçün 2 min, III yer üçün 1000 manatdır, həvəsləndirici yer üçün mükafatsa 500 manatdır. Tərcümə Mərkəzi mükafatların hansı tərcümələrə görə verildiyini açıqlayıb:

"Zeynallı Təvəkgül Əbülfət oğlu – ən yaxşı nəsr əsəri tərcüməsi nominasiyası üzrə birinci yer (Sherwood Anderson-un “Allahın qüdrəti” hekayəsini orijinaldan uğurlu tərcüməyə görə)

Əli Akif Əli oğlu – ən yaxşı nəsr əsəri tərcüməsi nominasiyası üzrə ikinci yer (Mayk Gelprinin “Şam yanırdı” hekayəsini ikinci dildən uğurlu tərcüməyə görə)

Ağayarov Şərif Ziyadxan oğlu – ən yaxşı nəsr əsəri tərcüməsi nominasiyası üzrə üçüncü yer (Sabahattin Ali-nin “Asfalt yol” hekayəsinin Azərbaycan dilinə uyğunlaşdırılmasına görə).

Quliyeva Şəfiqə Habil qızı – ən yaxşı nəsr əsərinin tərcüməsi nominasiyası üzrə həvəsləndirici mükafat (Konstantin Paustovsky-nin “Alabalıqların üzdükləri kiçik çaylar” hekayəsinə görə).

Əlizadə Nuri Mətləb oğlu – ən yaxşı poeziya nümunəsinin tərcüməsi nominasiyası üzrə həvəsləndirici mükafat (Alexander Blok-un şeirlərinin tərcüməsinə görə).