Ekspertdən şərh: “Azərbaycan iqtisadiyyatı dəhşətli dərəcədə geriləyir”

.

Vahid Məhərrəmov

“Azadlıq” qəzeti Azərbaycan iqtisadiyyatında “dəhşətli geriləmədən” yazır:

“Azərbaycana yeyinti məhsullarının idxalı artır. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-fevral aylarında yeyinti məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 35.82% artaraq 220,9 milyon dollar təşkil edib”.

Bundan başqa xarici ticarət əməliyyatlarının, büdcə xərclərinin, xam neftin ixracının azalması faktlarını qeyd edən qəzet baş verənlərlə bağlı ekspert rəyi də dərc edib.

Ekspert Vahid Məhərrəmov bildirib ki, Azərbaycanın ixracının kəskin şəkildə azalması təsadüfi deyil. Onun sözlərinə görə, buna səbəb idxalda maraqlı qüvvələrin olmasıdır. Idxalı nəzarətdə saxlayan dövlət məmurlarının olduğunu deyən iqtisadçı vurğulayıb ki, onlar Azərbaycanda kənd təsərrüfatının, qida sənayesinin inkişafında maraqlı deyillər:

“Bu məmurlar ölkəyə daha çox mal, məhsulun gətirilməsində maraqlıdır. Onlar gətirilən məhsulun satışından gəlir əldə edirlər. Baş verənlər, qəbul olunan qərarlar onu deməyə əsas verir ki, bunlar kənd təsərrüfatının daha da pis duruma düşməsinə çalışacaqlar”.

Azərbaycanın idxaldan asılılığının 50% keçdiyini deyən ekspert qeyd edib ki, ölkədə kənd təsərrüfatı getdikcə geriləyir, bu da idxaldan asılılığı artırır.

Əkrəm Həsənov

“ƏHALİNİN ƏMANƏTLƏRİ TƏHLÜKƏDƏDİR”

“Əhalinin əmanətləri təhlükədədir” – bunu modern.az-a müsahibəsində Maliyyə sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib. Ekspert son vaxtlar Azərbaycanın bank sektorunda baş verən proseslərin mahiyyətinin anlaşılması üçün geniş izahat verib. Mərkəzi Bankın son qərarlarının iç üzünü şərh edən ekspertin gəldiyi nəticələr ondan ibarətdir ki, əhalinin əmanətləri təhlükədədir, inflyasiya artacaq və devalvasiya davam edə bilər.

Ekspert həm də hesab edir ki, devalvasiyadan sonra ən gözlənilən qərar xarici valyutanın ölkədən çıxarılması məhdudlaşdırmaq olmalı idi. Amma Azərbaycanda hazırda xarici valyutanın ölkədən xaricə axını artır və bunun qarşısı alınmır:

“Nədənsə Mərkəzi Bank ən gözlənilən və zəruri addımı atmır. Nəyi gözləyir? Ölkəni tamamilə xarici valyutasız qoymaq və devalvasiyanı davam etdirmək istəyir?”

Arxiv fotosu: Bakıda yeni tikililər.

“MƏNZİLLƏRİN QİYMƏTİ ÇOX BAHALAŞIB”

Anspress.com ölkədə evlərin çox bahalaşmasından yazır. Qeyd olunur ki, hazırda ölkənin daşınmaz əmlak bazarında 20-25% bahalaşma müşahidə olunur:

“Ötən ildən başlayaraq dünya bazarında neftin qiymətinin enməsi, cari ildə isə ölkəmizdə devalvasiyanın həyata keçirilməsi nəticəsində daşınmaz əmlak bazarında xaos yaranıb”.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktor Elnur Əsədov portala açıqlamasında deyib ki, bahalaşma xüsusilə yeni tikililərdə daha çox qeydə alınır. Ekspert gələcək proqnozlar barədə vurğulayıb ki, orta müddətli dövr üçün əmlak bazarında həm bazarın həcmi, həm də qiymətlər baxımından proqnozlar vermək çətindir:

“Amma 2015-ci ilin ortalarında əmlak bazarının həcmində həm genişlənmələr, həm də qiymətlərin 10-12% artacağı gözlənilir. Həmin dövrədək isə ucuzlaşmanın qeydə alınacağı real görünmür”.

Səməd Seyidov

“ERMƏNİSTAN BEYNƏLXALQ HÜQUQ NORMALARINA ƏMƏL ETMƏYƏ ÇAĞRILMALIDIR”

“Avropa Şurasının üzvü olan bir ölkənin ərazisini işğal edən digər üzv ölkənin Şurada, monitorinq komitəsində mövcudluğu qanunauyğun deyil. Ona görə də Avropa Şurası, təşkilatın monitorinq və digər komitələri münaqişələrlə bağlı məsələnin ümumiyyətlə gündəmdən çıxarılmasını istəyirlərsə, əvvəlcə Azərbaycan torpaqlarını işğal etmiş erməni silahlı birləşmələrinin ölkəmizin ərazisini tərk etməsi istiqamətində ciddi addım atmalı, Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə çağırmalıdır. Bunlara əməl olunmadığı təqdirdə Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır”.

“Azərbaycan” qəzetinin yazdığına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov belə deyib.

O, martın 17-də Avropa Şurasının Parisdəki ofisində AŞPA monitorinq komitəsinin iclasında çıxış edib. Özünün açıqlamasına görə, müzakirələrdə “dondurulmuş münaqişələr”lə bağlı fikir mübadiləsi aparılıb.