Qulaq ağrısı və Günel Mövlud

İbrahimxəlil

-

... və bu boşluğu görüb Günel Mövlud gəldi, Seymur Baycan gəldi... Allahın altı böyükdür və Allahın bu böyük altında kim harada istəyirsə orada da yaşaya bilməzmi?

Gürcüstanda yaşayan azərbaycanlı yazar İbrahimxəlil "Oxu zalı"na göndərdiyi bu məqaləsi ilə Günel Mövludun "Göysatan olmaq istəməyənlər" yazısına etiraz edir.

İbrahimxəlil

GÖYSATANLAR

(saqa)

Qulaq ağrısı Mirzə Qələmə imkan vermir. İmkan vermir ki, gözlərini açıb bir Əyriqar tərəflərə də baxa.

Özü deyir ki, bu qulaq ağrısı hələ Zviad Qamsaxurdiyanın “xəlfə”liyi dövründən başlayandır; beş ildən bir, üç ildən bir tutur.

Onda mən illərdir əzbərlədiklərimi Mirzə Qələmə yenidən arazbarı ərməğan edib pıçıldayıram: “...ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız sizə deyirdi: – Bala, ağlama, xortdan gələr, səni aparar! – və siz dəxi canınınzın qorxusundan səsinizi kəsib ağlamaqdan sakit olurdunuz”.

Mirzə Qələm “xoxan gəldi”ylə qorxan oğullardan olmasa da, xoxanla-xortdanla bağlı ehtiyatını da heç vaxt əldən verməyib. Amma bu yaxınlarda eşidəndə ki, Tiflis tərəflərdə Xocalıdan qorxan xoxanlar peyda olub, elə həmin saatdan qulaq ağrıları onu yenidən acıq-qıcıq aşüftəhal eləməyə başlayıb.

Deyirəm ki, ay Mirzə Qələm, ayıbdır axı, bu yaşda qulaq ağrısı nədir, sonra Günel Mövlud eşidər, deyər ki, alın bu da sizə Əyriqarın ətəklərinə yaxın bizi istəməyənlərin biri! Amma Mirzə Qələmin toparlanmağa taqətimi var? Çünki onun aşüftəhallığı nə Zviad Qamsaxurdiyalıq, nə Günel Mövludluq, nə Eduard Limonovluq, nə də xoxanlıq-xortdanlıqdır! Onun qulaq ağrısının səbəbi – əlbəttə, özünün iddia elədiyitək – onun göyünü satmaq istəyənlərin gəvəzəliyidir. Göy deyəndə Günel Mövludun dediyi göydən, yəni göy-göyərtidən söhbət getmir. Söhbət başımız üstdəki göydən-səmadan-fələkdən gedir. Sən demə – əlbəttə, yenə də Mirzə Qələmə görə – başımız üstəki göyü də göy-göyərtitək satmaq olurmuş.

Amma bu yerdə arazbarı uzaqlara getməliyəm...

...Günel Mövlud “Göysatan olmaq istəməyən Gürcüstan gəncliyi” adlı “şəxsi mülahizələri”ndə yazır: “...tarixdə bəlkə ilk dəfə Gürcüstanın etnik azərbaycanlı gəncliyi ayağa qalxıb... sayt açıblar... göysatan kimi tanınmamaq üçün”.

Mirzə Qələmin qulaq ağrısından mütəəssir ola-ola ağlıma gəlir ki, biz – Səməd Qaraçöp, Ayvaz Əlləzoğlu, Nəriman Əbdülrəhmanlı – öysüz (evsiz-eşiksiz) olan illərdə Mirzə Qələm deyirdi ki, heç fikir çəkməyin, öyümüz yoxdur, göyümüz ki var! Öysüz olaq, təki göysüz olmayaq! Sonra Səməd də, Ayvaz da, Nəriman da Bakıya köçdülər. Əyriqarın ətəklərinə yaxın biz qaldıq, məktəbimiz qaldı... Məktəbimiz bizim göyümüz-səmamız idi...

... və bu boşluğu görüb Günel Mövlud gəldi, Seymur Baycan gəldi... Allahın altı böyükdür və Allahın bu böyük altında kim harada istəyirsə orada da yaşaya bilməzmi?

Deyirəm ki, ay Mirzə, Günel Cəbrayıldandır, Seymur da Füzulidən; sənə and verirəm: qonaqdırlar, onlara güldən ağır söz demə, axı həm də qaçqındırlar. Seymurun sənin sevimli yazıçın olan Elçinə də küfrlər yağdırmağına da bənd olma. Məgər yoxsullar-qaçqınlar küfrə yaxın yaşamırmı?

Mirzə Qələm mənə “tarixdə bəlkə ilk dəfə” Gürcüstanın etnik azərbaycanlı gəncliyinin Günel Mövludla Seymur Baycanın tamadalıq təlimatlarıyla yaratdıqları saytda getmiş “şəxsi mülahizələr”dən və baş nazir Qaribaşviliyə məktubdan çıxarışlar göstərir; baxın: “Hətta bəzi məktəblərdə qonşu ölkə (Azərbaycan) bayrağının olması”, “Gürcüstanın mədəni həyatından bixəbər və dünyəvi dəyərlərdən uzaq müəllimlər”, “Azərbaycan məktəblərini bağlamaq vaxtıdır”, “Abxaziyadan daha çox Qarabağ üçün ağlamaq”, “Xocalıya ədalət istəyən ikiüzlülər” ... siyahı uzadılsa gedib Dərbənddən Səmərqəndə çıxar. Bu ki əsl “müqəddəs inkvizisiya”dır! Mən hətta daha çox Mirzə Qələmin qulaq ağrısı kəssin deyə “Süsən-Sünbüldə renessans” adlı “ekstrim” də yazdım...

Bu minvalla “Gürcüstanın etnik azərbaycanlı gəncliyi”nin səmimiyyəti indiyəcən göylərə, hətta göylərin yeddinci qatına çatmış olmazmı? Çünki Mirzə Qələm üçün arada-sırada önəmli deyil ki, onun haqqında – əlbəttə, göysatan olaraq – Mirzə Simon Simonişvili, Mirzə Levon-Məlik Şahnazaryan, ya da “milli metr” olan Mirzə Mikrob nə yazıb? Mirzə Qələm üçün İlya Çavçavadzenin, Terenti Qranelinin, Qoderzi Çoxelinin, Merab Mamardaşvilinin haqqımızda yazdıqları önəmlidir!

Mirzə Qələmin qulaq ağrısının gücləndiyini görüb əlavə edirəm ki, bəs deməzsənmi, ay Mirzə, axı Günel Mövlud “Yüz ilin tənhalığı”nı, “Norveç meşəsi”ni, “Qırmızı və qara”nı tərcümə edib. Bəlkə...

Bu yerdə Mirzə Qələm barıt çəlləyi kimi partlayır: – Ay onun qırmızısı da, qarası da andırına qalsın, söyxə günə getsin. O hələ görmürmü ki, xoxan-xortdan, internet trolları (Skandinav mifologiyasında xoxan-ifritə) yetişdirir?

İstər-istəməz “Xoxan” filmini xatırlayıram. Gülməkdən az qala adamı öldürmürdümü?

Həm də mənə bircə şey də maraqlıdır: cadu, falçı, cinçıxarma ilə limhəlim dünyada adam xoxandan-xortdandan qorxar, daha xoxan-xortdan durub adamdan qorxmaz ki? Dolayısıyla, “renessans”çıların Xocalıdan belə ehtiyat eləmələri hansı ürbənd üzdən ola bilər? Bəlkə onların, Xocalı misallı, xocası-müəllimi olmayıb? Doğrudur, Süsən-Sünbüldə (Cəbrayıllıda və Füzulidə də) uşaqları arada-sırada müəllimlə də qorxudublar.

...Günel Mövlud öz “şəxsi mülahizələri”ndə bunu da yazır: “illər uzunu səni bu ölkədə göysatan kimi tanıyırlar, sonra qəfildən (“tarixdə ilk dəfə”) səni həmin ölkədə inkişaf etmiş toplum kimi tanıtmağa çalışan gənclər çıxır, sənsə əlindən gələni edirsən ki, o gəncləri susdurasan”.

Bəs mənim Mirzə Qələmə dediyim nədir, ay hörmətli Günel Mövlud? “Gürcüstanın etnik azərbaycanlı gəncliyi”ni susdurmaq yox, dilinə dil vermək lazımdır! Axı nədən bizdən də bir şpana, bir klaker, bir internet trolu-xuliqanı çıxmasın? Yoxsa bu nədir? Sənin dediyintək, hamı göysatandır. Sənin azərbaycanlı restoran, kafe sahiblərindən “Gürcüstanın etnik azərbaycanlı gəncliyi” üçün “maddi xərc” istəməyin isə... lap canlaradəyəndir! Amma bu yerdə bizdən – Mirzə Qələmdən də, elə məndən də incimə. Biz elə bu tərəfdən yarımamışıq. Unudulmaz Məmməd Araz özü və Mirzə Qələm üçün (həm də Zahid Sarıtorpaq, Əlabbas, Aslan Quliyev, Qoca Xalid, Adil Mirseyid üçün) belə yazmamışdımı:

Yastı-yastı

yapalaqlar yarıdı.

Girdə-girdə

topalaqlar yarıdı.

Yarımadın heç nədən,

yarımadın...

Nə yaxşı!

...Çömçə tutan əlləri

yalamadın nə yaxşı,

yarımadın nə yaxşı...

Bizdən də – Mirzə Qələm , Mirzə Səfər, Mirzə Səməndər – arada-sırada göy-göyərti satanlar oldu ki, balalarımız (məsələn, üç ailənin 17 balası) küfrə yaxın yaşamasınlar. Və biz göy-göyərti satanlara (əlbəttə, söhbət bir qomadan beş qoma düzəldən pərgarlardan getmir) həmişə səmimi baxdıq; çünki ömrümüzü-günümüzü məktəbə verə-verə gördük ki, hütüldəyib tökən hökumətlərə hər dəfə bel bağlamaq olmaz. Çünki... kaş 1989-1999-cu illərdə bizə bazardan başqa bircə iş yeri göstərən olaydı!

Və bizim göyümüz- səmamız (elə göy-göyərtimiz də) heç zaman qurtarmadı, qurtaran da deyil, inşallah!

P. S.

Həkim Mirzə Qələmə Ölü dənizdə müalicə olunmağı məsləhət görüb... Maraqlıdır, qulaq ağrısına “Ölü”dən də işıq düşərmiş...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)