«Azadlıq» qəzeti redaksiyasında aclıq aksiyası başlandı

Aclıq aksiyasının tələblər yerinə yetirilənə qədər davam etdiriləcəyi bildirilir

Oktyabrın 30-da «Azadlıq» blokuna daxil olan siyasi partiyaların 6 funksioneri «Azadlıq» qəzetinin redaksiyasında aclıq aksiyasına başladılar. Aksiya iştirakçıları tələbi «Azadlıq» qəzetinə və bütünlükdə mətbuata təzyiqlərə son qoyulmasıdır.


Onlar bildirirlər ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azadlıq» qəzetinin və binada yerləşən digər KİV və təşkilatların ofisdən çıxarmaq istəyi hakimiyyətin siyasi maraqlarından irəli gəlir. Məqsəd ölkədə söz azadlığını məhdudlaşdırmaqdır.


Aksiyaya AXCP-dən Həsən Kərimov, Nurəddin Məmmədli, Əsəd Əsədzadə, Liberal Partiyasından Əvəz Temirxan, ADP-dən Zakir Hüseynov və Vətəndaş və İnkişaf Partiyasından Araz Zeynalov qoşulub
Aksiya iştirakçıları qeyd edirlər ki, «Azadlıq» qəzetinə, ANS televiziyasına və digər mətbuat orqanlarına son vaxtlar təzyiqlərin artması, həmçinin jurnalistlərin istintaqının bu vaxta qədər yekunlaşmaması Azərbaycanda azad sözə münasibətin göstəricisidir. Təşkilatçıların bildirməsinə görə aksiya tələblər yerinə yetirilənə qədər davam etdiriləcək.

Aksiyada Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavinləri Həsən Kərimov, Nurəddin Məmmədli, sədrin müşaviri Əsəd Əsədzadə, Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, Demokrat Partiyasının şöbə müdiri Zakir Hüseynov və Vətəndaş və İnkişaf Partiyasının Siyasi Şurasının üzvü Araz Zeynalov iştirak edir.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azadlıq» qəzetinin redaksiyanın yerləşdiyi Xaqani küçəsindəki binanın boşaldılaraq bu quruma verilməsi barədə 1 Saylı İqtisad Məhkəməsində iddia qaldırıb.


Vergilər Nazirliyi «ANS Kommers» Şirkətində apardığı yoxlamalardan sonra şirkəti 31 min yeni manat məbləğində cərimə edib. Bu qərarı düzgün hesab etməyən şirkət məhkəməyə müraciət etmişdi. Həmçinin Milli Teleradio Şurası (MTRŞ) ANS TV-yə lisenziya verilməsini bir neçə dəfə təxirə salıb. Şura sözügedən kanalda xarici televiziya və radioların verilişlərinin yayımının qeyri-qanuni olduğunu da ona irad tutub.