-
Qalib Şəfahət
QOL-BOYUN OLAQ
Mənim köynəyimin qolu yox
sənin köynəyinin boyunluğu.
Aramızda sərhəd yox
bir köynək də -
yad deyilik daha.
Qolumu boynuna
Dolayım, ya yox?!.
Qorxuram qolum
boynundan ayrılmaya
yaxınını illərdən sonra
tapmış
insanlar kimi.
Qorxmuram - qolum boynunda qala -
Qorxuram qolum boynunda qala.
Qolsuz qalım, ya ürəksiz?
Məndən qol, səndən boyun
Qolum boynunda qala -
Qol-boyun olaq.
YUXUMDA BİR İT HÜRÜR
Yuxumda bir it hürür -
çöldə qar-borandı yenə.
Bir qız ah-naləsi
çökür içimə.
Yuxumda bir it hürür.
Yalquzaq tək çəkilmişəm
dünyanın bir küncünə.
Tək-tənhayam yenə,
çəkilmişəm tənhalığıma, təkliyimə.
Yuxumda bir it hürür -
içim qürbətdi yenə.
Yuxumda bir it hürür -
Eh!..
Nə deyim sənə
Yuxuma it azdıran.
YETİM QIZ
Gəlinlik paltarını
Gözündən salıb itirmişdi
Anası ölən günü
Anasını ağlayanda.
Görən olmamışdı
Bəlkə də kəfən əvəzi
Anasını bükmüşdülər
Gəlinlik paltarına.
O gündən anasının
Qara gün üçün saxladığı
Libası geyindi əyninə
Lüt qalmasın deyə.
O gündən anasının
Yarımçıq qalmış
Arzularını böyütdü
Həyət-bacada.
Yetimliklə
Böyüdü yetimliklə.
Yetim qız dedilər-adına.