-
İlqar Fəhmi
Əruz gəzişmələri
Tökülür sənli saatlar o ömürdən, bu ömürdən,
Əyilib qaldıran olmur onu yerdən, bunu yerdən.
Evimə dərd girir hər gün o başından, bu başından,
Gözümə kölgə salırsan o maşından, bu maşından.
Səni sakitcə soruşdum o yağışdan, bu yağışdan,
Saçının ətrini aldım o balışdan, bu balışdan.
Süzülür sel kimi yaşlar o gözündən, bu gözündən,
Səni hicran öpür hər gün o üzündən, bu üzündən.
Bezmişəm sənsiz həyatın o adından, bu adından,
Zərrə-zərrə səni yığdım o qadından, bu qadından.
Tökülür sənli saatlar o ömürdən, bu ömürdən,
Əyilib qaldıran olmur onu yerdən, bunu yerdən...
***
Dünya qəmini, vaxt ola, çiynimdən atardım,
Getsəydi, bu dünyanı beş-on şeirə satardım,
Dünyanı beş-on şeirə satardım
və yatardım.
Səndən qaça bilsəydim əgər, sənsiz həyatı
Əvvəl acı dərman kimi ehmalla dadardım,
Dərman kimi ehmalla dadardım
və udardım.
Bir qırmızı paltarlı qadınçün gecə yarı
Bir qırmızı yanğıyla yuxumdan oyanardım.
Yanğıyla yuxumdan oyanardım
və yanardım.
Son dəfə mənimçün gözünün yaşı axardı,
Göz yaşını son dəfə öpüşlərlə silərdim,
Son dəfə öpüşlərlə silərdim
və ölərdim.
Bir gün səni də yadlara xoşluqla verib mən
Sonra durub ardınca xəcalətlə baxardım.
Ardınca xəcalətlə baxardım
və baxardım.
***
Unut məni səhərlər
Üfüq işıldayanda.
Yavaşca pəncərəndə
Budaq xışıldayanda
Unut məni günorta
Külək günü əyəndə.
Divanda halsız-halsız
Kitab vərəqləyəndə.
Unut məni hər axşam
Sızıltıdan bezəndə.
Durub gedib ərinçün
Mixəkli çay süzəndə.
Unut məni dünən də,
Unut məni bu gün də.
Unut məni, unut tam
Səhər...Günorta... Axşam...